Birinci Avropa Oyunları ilə bağlı Sankt-Peterburqda tədbir təşkil edilib

Birinci Avropa Oyunları ilə bağlı Sankt-Peterburqda tədbir təşkil edilib


Rusiyanın Sankt-Peterburq şəhərində "Sport Accord” təşkilatının XI İllik toplantısı öz işinə başlayıb. Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakının əsas məqsədi 2015-ci ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının dəyərlərinin təbliğ edilməsi, yarışların təşkili üçün layiqli tərəfdaşlar tapılması, ölkəmizin beynəlxalq idman və qeyri-idman yarışlarına ev sahibliyi etmək bacarığının dünyaya nümayiş etdirilməsidir.
Maraqlıdır ki, tədbirin təşkil edildiyi yerdə "Bakı 2015” adlı stend qurulmuş və iştirakçılara Azərbaycanın idman və qeyri-idman obyektləri ilə bağlı video materiallar təqdim olunmuş. Video-çarxın nümayişindən sonra birinci Avropa Oyunları ilə bağlı çap məhsulları müxtəlif ölkələrin nümayəndə heyətlərinə paylanılıb. Tədbirin sonunda Azərbaycan nümayəndə heyəti beynəlxalq media nümayəndələri üçün mətbuat konfransı təşkil edib.
Qeyd edək ki, "Sport Accord” təşkilatının Sankt-Peterburqda təşkil edilən XI İllik toplantısı öz işini mayın 31-də başa çatdıracaq.