Beynəlxalq Olimpiya Günü münasibətilə kütləvi qaçış keçirildi

Beynəlxalq Olimpiya Günü münasibətilə  kütləvi qaçış keçirildi



İyunun 23-də Dənizkənarı Bulvarda müasir Olimpiya Hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə "Olimpiya Qaçış Günü” tədbiri keçirildi.
Azərbaycan Milli Olimpiya Komitəsi Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan «Coca-Cola» şirkəti ilə birgə həyata keçirdiyi "Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində keçirilən idman tədbrində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Afina-2004 Yay Olimpiya oyunlarının qalibi Fərid Mansurov, "Coca-Cola Azərbaycan” şirkətinin baş meneceri Lisani Atasayan və digər qonaqlar iştirak edirdilər.
Mərasimdə iştirak edən MOK-un əməkdaşı Mehman Kərimov tədbiri açıq elan edərək Beynəlxalq Olimpiya Hərəkatının yaranma tarixindən, Azərbaycanda bu hərəkatın geniş vüsət almasından söhbət açdı. Qeyd olundu ki, Olimpiya Hərəkatının əsası 1894-cü ildə fransalı baron Pyer de Kuberten tərəfindən qoyulub və bu Hərəkat hazırda bütün dünyada geniş vüsət alıb.







Məlumat üçün bildirək ki, 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında təşkilatın Çexoslovakiyadan olan üzvü doktor Qruss Beynəlxalq Olimpiya Günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının Olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını deyib. Onun təklif etdiyi layihə bəyənilib və BOK-un 1948-ci ilin yanvarında Sankt-Morrisdə təşkil edilən 42-ci sessiyasında Olimpiya Gününün keçirilməsi haqqında qərar qəbul olunub. Sessiya Olimpiya Günü bayramını iyunun 17-dən 24-dək olan müddətdə qeyd etməyi məqsədəuyğun sayıb. Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyunun 23-də yaradılıb. Məhz buna görə də Olimpiya Gününün həmin tarixdə (iyunun 17-dən 24-dək) keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, birinci Olimpiya Günü 1948-ci il iyunun 23-də dünyanın doqquz ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunub. Həmin gün BOK-un o vaxtkı prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış edib. Sonralar BOK prezidentinin Olimpiya Günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini alıb.
Azərbaycanda Olimpiya Hərəkatının, olimpizmin inkişafına dövlətimiz tərəfindən xüsusi qayğı ilə yanaşılır. Ölkəmizdə Olimpiya Günü 1994-cü ildən təntənəli şəkildə qeyd edilir. Hər il keçirilən bu tədbirdə minlərlə idmansevər yürüşlərə qatılır. Olimpiya Günü Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə də xüsusi qeyd edilir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbidə çıxış etmək üçün səhnəyə dəfət edildi. Çingiz müəllim tədbir iştirakçılarını salamlayaraq, onları bu əlamətdar idman bayramı günü münasibətilə təbrik etdi:
- Bu gün keçirilən qaçış günündə bir sıra idmançılar, məktəblilər və veteranlar iştirak edirlər. Bu da idmana olan marağı artırır. Qaçış həm bir idman növü, həm də sağlamlığın rəmzidir. Hər bir insan qaçışla məşğul olmalıdır ki, sağlam həyat tərzi keçirsin. Biz bu tədbiri 10 ildən artıq bir müddətdir ki, uğurla həyata keçiririk. Bu tədbiri keçirməklə Azərbaycan əhalisini idmanla məşğul olmağa dəvət edirik.
Son illərdə Azərbaycanda baş verən dəyişikliklər, xüsusilə idman sahəsində əldə edilən nailiyyətlər Azərbaycanı idman mərkəzinə çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün bölgələrində Olimpiya kompleksləri tikilib, gənclərin istifadəsinə verilib. Bu, Azərbaycanda Olimpiya Hərəkatının nə qədər yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan idmançıları bütün beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında böyük uğurla çıxış edirlər. Son Olimpiya oyunlarına nəzər salsaq görərik ki, Azərbaycan idmançıları bu olimpiadada 10 medal qazanıblar. Azərbaycan ümumi komanda hesabında medalların sayına görə 23-cü, keyfiyyətinə görə 30-cu yeri tutub. Bu, Azərbaycan idman tarixində ən böyük nəticədir.
Bundan başqa, hamıya məlumdur ki, 2015-ci ildə Azərbaycan I Avropa Olimpiya oyunlarına ev sahibiliyi edəcək. Bu möhtəşəm idman tədbiri Azərbaycanı bütün dünyaya yeni bir simada, yeni imic də tanıtdıracaq. Mən əminəm ki, bu gün buraya toplaşan yeniyetmə və gənclər I Avropa Olimpiya oyunlarında idmançı, təşkilatçı və yaxud könüllü kimi iştirak edəcəklər. Bununla yanaşı uğur qazanıb, ölkəmizin adını yüksəklərə qaldıracaqlar.
Fürsətdən istifadə edib, bu cür tədbirin ərsəyə gələməsinə görə "Coca-Cola Azərbaycan” şirkətinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm».




Sonra söz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova verildi. Tədbir iştirakçılarını salamlayan natiq bunları dedi:
- Olimpiya Qaçış Günü ölkəmizdə hər il keçirilir. 23 iyun beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaranma günüdür. Bu gün ölkəmizdə də Olimpiya Günü kimi qeyd olunur. Yürüş Azərbaycanda Olimpiya Hərəkatının kütləvi hal aldığını bir daha sübut edir. Bu kimi idman tədbirləri ölkəmizdə uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə xidmət edir.
Heç kəs də şübhə yoxdur ki, Azərbaycan qısa zaman ərzində hər bir sahədə olduğu kimi, idmanda da böyük nailiyyətlərə yiyələnib. Azərbaycan idmançılarının qazandıqları medallara nəzər salarkən bunu aydın görmək olar. Bundan başqa Azərbaycan dünya miqyasında böyük idman tədbirlərinin keçirilməsi üçün ən layiqli namizədlərdən biridir. Ali idman qurumlarının diqqət mərkəzində olan ölkəmiz buna qədər böyük yarışlara uğurla ev sahibliyi edib, onların etibarını qazanıb. Qarşıda isə daha böyük idman yarışları öizi gözləyir. Biz inanırıq və əminik ki, həmin mötəbər yarışlar Azərbaycanda yüksək səviyyədə keçiriləcək. Çünki, bunun üçün bizdə böyük təcrübə, imkan və əlverlişli şərait var
Bugünkü tədbir böyük təntənə ilə qeyd olunur. Buraya toplaşan hər bir iştirakçı yarışa böyük həvəslə qatılıb. İdman sağlamlıq və həyat tərzidir. Hər bir iştirakçıya uğur və qələbə arzulayıram».
Bu tədbirin həyata keçirilməsində öz dəstəyini əsirgəməyən "Coca-Cola Azərbaycan” şirkəti adından qurumun rəhbəri Lisani Atasayan çıxış etdi.
Bu gün bu tədbirin təşkil edilməsində bizimlə əməkdaşlıq etdiyinə görə Milli Olimpiya Komitəsinə,Gənclər və İdman Nazirliyinə çox təşəkkür edirəm. Fəal aləm, sağlam ailə, fəal yaşayış tərzi çox önəmlidir. Çünki idmanla məşğul olmaq sağlam həyat üçün çox vacib ünsürdür. Azərbaycandada bu qədər gənc, yaşlıların,ailələrin idmana marağını görmək, bizə sevinc bəxş edir. Bu tədbiri Olimpiya Komitəsinin dəstəyi ilə etmək bizim üçün ayrı bir qürurdur. Olimpiya oyunları insanları bir-birinə bağlayan bir ünsürdür. Bu, sadəcə bu gün olan bir tədbir deyil. Milli Olimpiya Komitəsi ilə birgə belə tədbirlər hazırlamaq bizim üçün qürurvericidir. Bu səpkili yarışlar gələcək də davamlı olaraq keçiriləcək. Biz "Coca-Cola”şirkəti olaraq hər zaman sağlam həyat, idmanla bağlı tədbirləri dəstəkləməyə davam edəcəyik. Bu tədbirin bir hissəsi olduğuma görə çox şadam, tədbirin hazırlanılmasında əməyi olan hər bir kəsə təşəkkür edirəm».
Çıxışlar başa çatdıqdan sonra yarışlara start verildi.
İştirakçılar Milli Parkda 1000 metr məsafəyə qaçışda qüvvələrini sınadılar. 1200-dək idmançının iştirak etdiyi yarışda səkkiz yaşadək idmançıların marafonunda Məhəmməd Qardaşov, veteranlar arasında Sadıq Sadıqov, qadınların qaçışında Raidə Aslanova, kişilərin mübarizəsində isə Vüqar Novruzov birinci yerə layiq görüldülər. Qaliblərə sertifikatlar və xatirə hədiyyələri təqdim olundu. Qaçışın ən yaşlı üzvü Aydın Talıbova (77 yaş) və ən kiçik iştirakçısı Cəmil Cəfərova (5 yaş) xüsusi hədiyyələr təqdim edildi.


"Olimpiya Qaçış Günü”nün mükafatçıları:

Kişilər arasında
1. Vüqar Novruzov
2. Boqdan Dmitruk
3. Orxan Ramazanov

Qadınlar arasında

1. Raidə Aslanova
2. Yana Zəhrəddinova
3. Ləman Aydınbəyova

Veteranlar arasında

1. Sadıq Sadıqov
2. Tapdıq Dadaşov
3. Şahbəddin Şıxnəbiyev

- Ən yaşlı iştirakçı Aydın Talıbov (77 yaş)
- Ən kiçik yaşlı iştirakçısı Cəmil Cəfərova (5 yaş)



Yarış başa çatdıqdan sonra "Olimpiya Qaçış Günü”nündə fərqlənən idmançılardan yarışla bağlı fikirlərini öyrəndik.
Vüqar Novruzov (Kişilər arasında yarışın qalibi):
«Hər il bu yarışa böyük həvəslə qatılıram. "Olimpiya Qaçış Günü” ölkəmizdə keçirilən Ən maraqlı və vacib yarışlardan biridir. Çox şadama ki, bu qədər kütlənin içərisində sonna qədər mübarizə aparıb, finişə birinci çatdım».

Raidə Aslanova (Qadınlar arasında yarışın qalibi):

«Bugünkü yarış çox gərgin keçdi. Havanın isti olmasına baxmayaraq, sona qədər mübarizə apırdım. Rəqiblərim də zəif deyildilər. Lakin uzun illrədən bəri topladığım gücə və bacarığa arxalanıb, finişi hamıdan tez keçdim. Bu cür yarışlarda iştirak etmək mənə böyük qürur verir».

Sadıq Sadıqov (Veteranlar arasında yarışın qalibi):

«Uzun illərdir ki, qaçışla məşğul oluram. Atletikanın bu növünü kiçik yaşlarımdan sevirəm. Bu bağlılığın nəticəsidir ki, mən hələ də özümü sağlam və gümrah hiss edirəm. Veteranlar arasında birinci yerə layiq görülməyim isə bütün bunların barix nümunəsidir. Fürsətdən istfadə edib, hər bir gənc və yeniyetməyə idmanla məşğul olmağı, pis vərdişlərdən uzaq olmağı tövsiyyə edirəm»