Azərbaycan komandası Utrext-2013 Olimpiya Festivalında 2 qızıl, 1 bürünc medal qazanıb

Azərbaycan komandası Utrext-2013 Olimpiya Festivalında 2 qızıl, 1 bürünc medal qazanıb



Avropa Yeniyetmələrinin Olimpiya Festivalında iştirak edən Azərbaycan atletləri uğurlu nəticələr əldə edirlər. Azərbaycan cüdoçusu Elnur Abbasov Niderlandın Utrext şəhərində keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalında qızıl medal qazanıb. Cüdoçumuz yarışların birinci günü 50 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finalda belçikalı Yorre Vestratenə qalib gələn Elnur Abbasov Azərbaycan bayrağının yüksəklərə qaldırılmasına və dövlətimizin himninin səsləndirilməsinə nail olub. 
                                                           
Komandamıza ilk qızıl medalı qazandıran cüdoçumuz Elnur Abbasovdan (50 kq) sonra daha bir cüdoçumuz - Hidayət Heydərov (60 kq) rəqiblərinə qarşı mübarizədə fərqlənərək festivalın bürünc medalını qazanıb. Onunla eyni gündə (17 iyul) mübarizəyə qoşulan digər cüdoçularımız - Nəzakət Xəlilova (52 kq), Fəridə Həsənxanova (57 kq) və Ramin Məsməliyev (66 kq) sona qədər inamla mübarizə aparsalar da, mükafatçılar sırasına düşə bilməyiblər.


İyulun 17-də atletika üzrə keçirilən yarışların nəticəsi də həm yeniyetmə idmançımız Nazim Babayev, həm də komandamız üçün sevindirici olub. Belə ki, üçtəkanla uzununa tullanma yarışlarında onunla mübarizəyə qoşulan çox güclü rəqiblərinə heç bir şans verməyən Nazim Babayev sona qədər şəriksiz liderliyini qoruyub saxlaya bilib. N.Babayev üçtəkanla uzununa tullanma yarışında parlaq nəticəsi ilə bu idman növündəki mübarizə yoldaşları arasında ən güclü olduğunu sübut edib. O, üçtəkanla 15.53 sm uzununa tullanaraq Olimpiya festivalının qızıl medalını qazanıb. Yeniyetmə atletimizin bu layiqli qələbəsindən sonra komandamızın qazandığı medalların həm sayı, həm də əyarı artıb. Beləliklə, 2 qızıl və 1 bürünc olmaqla 3 medal qazanan komandamızın yarış cədvəlində medal qazanan ölkələr arasındakı mövqeyi bir qədər yüksəlib. Avropa Yeniyetmələrinin Olimpiya Festivalında yarışların davam etdiyini və bu yarışlarda cüdoçularımızın iyulun 19-da mübarizə aparacaqlarını nəzərə alsaq, komandamızın hələ medal qazanmaq şansının olduğunu deyə bilərik. 


Qeyd edək ki, komandamıza sayca üçüncü, əyarına görə isə ikinci medalı qazandıran Nazim Babayevin Olimpiya festivalından öncə də verilən proqnozlara görə medal qazanacağı şübhə doğurmurdu. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə festival ərəfəsində verdiyi müsahibələrdə komandamızın əsasən cüdo və atletika idman növlərində medallar qazanacaqlarını proqnozlaşdırmışdı. MOK-un vitse-prezidentinin budəfəki proqnozları da özünü doğrultdu. Ümummiyyətlə, Nazim Babayevin fiziki və psixoloji hazırlığı onun Olimpiya festivalında atletika yarışlarının favoriti olmasına əsas verirdi. Xatırladaq ki, idmançımız bu yarışlara qədər Asiya Uşaqlarının Oyunlarında gümüş, bu ilin may ayında İstanbulda keçirilən Yılmaz Sızaq Beynəlxalq turnirində isə qızıl medal qazanmışdı.
Qeyd edək ki, atletika üzrə Azərbaycan çempionatında üçtəkanla uzununa tullanma yarışlarında 15,11 sm nəticə ilə birinci olan Nazim Utrext-2013 Olimpiya Festivalında şəxsi nəticəsini yaxşılaşdırmaqla yanaşı, 15,53 sm nəticə ilə festivalın qızıl medalını qazandı. Qeyd edək ki, festivalın rekordunu təzələmək üçün yeniyetmə idmançımıza cəmi 3 sm məsafə kifayət etmədi.
Sevindirici haldır ki, hazırki rekordun sahibi, həmyerlimiz, Belqrad-2007 Olimpiya Festivalında üçtəkanla tullanma idman növündə qızıl medal qazanan Azərbaycan atleti Ənvər Zeynallıdır.