Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyibuzadırmanma üzrə ölkə çempionatı başa çatıb.
Xatırladaq ki, çempionatın təsnifat yarışı çətinlik və sürət üzrə yanvarın 18-19-da, final mərhələsi isə yanvarın 2-3-də keçirilib. Çempionatın final mərhələsində Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, İran və Gürcüstanın 20-dən artıq idmançısı iştirak edib. Final mərhələsinin yekununa əsasən, çətinlik üzrə yarışlarda Gürcüstan idmançısı Nukri Qvelebiani çempion olub. Ceyhun Yusifov ("Salavat" klubu) və Zireşki Məhəmməd (İran) ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Qadınların bu növ üzrə yarışında "Zirvə" klubunun idmançıları Aytən Pirəliyeva və Gülnar Pirəliyeva müvafiq olaraq birinci və ikinci pillələrdə qərarlaşıblar. Rusiya təmsilçiləri Marina Qazimaqammedova və Aidə Səidova üçüncü olublar. Sürət üzrə kişilər arasında keçirilən yarışlarda isə Ramal Rəhimxanov ("Salavat") bütün rəqiblərini üstələyib. Bu klubun digər üzvü Maksim Əzizov ikinci olub. "Zirvə" klubunun təmsilçisi Sefulla Nəsrullayev üçüncülüklə kifayətlənib. Qadınlar arasında sürət yarışlarında Leyla Əliyeva (FHN) müəyyən olunmuş məsafəni hamıdan tez qət edib. "Zirvə" klubunun idmançısı Gülnar Pirəliyeva ikinci olub. Bu klubun digər yetirməsi Aytən Pirəliyeva üçüncü pillədə qərarlaşıb. Ümumi hesabda FAİREX-in "Salavat" komandası birinci pillədə qərarlaşıb.