Bölgə xəbərləri

Bölgə xəbərləri
Zərdabdakı Uşaq-Gənclər İdman Məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə stolüstü tennis üzrə rayon çempionatı keçirilib.
40 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününü qeyd etmək, rayonda idmanın stolüstü tennis növünü inkişaf etdirmək olub.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Fuad İsmayılov birinci, Elsevər Hüseynov ikinci, Soltan Cəbrayılov isə üçüncü yerə layiq görülüblər.

*  *   *
Samux rayonunda 2 Fevral - Gəncləri Gününə həsr olunmuş kross yarışı üzrə rayon birinciliyi keçirilib.
Ümumilikdə 52 gənc idmançının iştirakı ilə keçirilən yarışda Şərif Mustafayev fəxr kürsünün ən yüksək pilləsində qərarlaşıb. Mustafa Nəsibov ikinci, Ruslan Abbasov üçüncü yerə layiq görülüblər.

*  *  *
Salyan rayon Gənclər və İdman İdarəsinin və 5 saylı Cəzaçəkmə Müəssisəsinin təşkilatçılığı ilə cəzaçəkmə müəssisəsində məhkumların asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin aşılanması məqsədilə voleybol turniri keçirilib.
Tədbirdə Salyan Rayon İcra Həkimiyyətinin İctimai - Siyasi və Humanitar Şöbəsinin baş məsləhətçisi Məhərrəm Məmmədov, Gİİ-nin rəisi Araz Hüseynov, Salyan Olimpiya İdman Kompleksinin direktor müavini, Məhərrəm Abuşov, 5 saylı CM-nin rəis müavini Adil Ağayev, CÇM-nin əməkdaşları və 65 məhkum iştirak edib.
8 komandanın mübarizə apardığı yarışda "Azadlıq” komandası turnirin qalibi adına sahib olub. "Cəsurlar” omandası ikinci, "Ümid” isə üçüncü yerələ kifayətlənib.

*  *  *
Şəki şəhərində ümumtəhsil məktəbləri arasında "Cəsurlar” hərbi - idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib. Şəki şəhər stadionunda 170 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi gənclərə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək, perspektivli idmançıları aşkar edərək zona komandasına cəlb etməkdir. Gərgin idman mübarizəsi şəratində keçirilən yarışda 11 saylı məktəb birinci yeri tutub. 19 saylı məktəbin təmilçiləri ikinci, 10 saylı məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.
 
*  *  *
Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün idman zalı inşa edilir. Ümumi tikinti sahəsi 1676 kvadratmetr olan idman zalının inşasına ötən ilin iyul ayında başlanılıb. Sahəsi 1300 kvadratmetr olan qapalı oyun zalında voleybol, basketbol, həndbol, mini futbol, güləş idman növləri üzrə məşq və yarışlar, həmçinin müxtəlif tədbirlər keçiriləcək. Burada inzibati otaqlar, mühəndis otağı, duşxana da yaradılacaq.
Hazırda idman zalında tamamlanma işləri aparılır. İdman zalının elektrik təminatı günəş batareyaları ilə həyata keçiriləcək. Binada istilik və havalandırma sistemi quraşdırılacaq, həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq. Məlumat üçün qeyd edək ki, idman zalının mart ayında istifadəyə verilməsi nəzərdə tutulub.

*  *  *
Mingəçevir şəhərində Qarabağ və Əfqanıstan müharibələrində həlak olmuş mingəçevirlilərin xatirəsinə həsr edilmiş cüdo yarışı keçirilib.
Şəhər Gənclər və İdman İdarəsinin, Əfqanıstan Veteranları Cəmiyyətinin və "Spartak" İdman Cəmiyyətinin yerli şöbəsinin təşkilatçılığı ilə keçirilən yarışda Mingəçevir, Goranboy, Göyçay, Naftalan və Bərdənin orta məktəblərində təhsil alan və cüdo idman növü ilə müntəzəm məşğul olan 12-15 yaşlı 100-dən artıq şagird iştirak edib.
Turnirdə ilk üç yeri tutan idmançılara diplom və medallar təqdim olunub.

*  *  *
Astara Olimpiya İdman Kompleksində Qarabağ torpaqlarının müdafiəsi uğrunda şəhid olmuş Şıxəli Qasımovun xatirəsinə həsr olunmuş jiboksinq citsu döyüş idman növü üzrə 8-18 yaşlı yeniyetmələr arasında turnir keçirilib. Turnirin keçirilmsində məqsəd şəhid Şıxəli Qasımovun xatirəsinin yad edilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik, mənəvi əxlaqi tərbiyəsi, şəhidlərin keçdiyi müqəddəs yolun gənclərə aşılanması, jiboksinq citsu döyüş idman növünün təbliği olub. Həmçinin "Azərbaycan gəncliyi 2011-2015 -ci illərdə" Dövlət Proqramının və "Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikası qanununun müvafiq maddələrin yerinə yetirilməsi də turnirin əsas ideyasını təşkil edib.
Xatirə turnirinə start verildikdən sonra, yarışda Astara rayonunun 2 komandası ilə birgə, Bakı, Sumqayıt, Lənkəran, Cəlilabad, Bərdə və Biləsuvar komandalarından (ümumilikdə 8 komanda) 120 idmançı mübarizəyə başlayıb. Komanda hesabında Astara birinci, Bakı ikinci, Bərdə komandası isə üçüncü yerə layiq görülüb.
Çəki dərəcələri üzrə qalib gələn idmançılar, o cümlədən hakimlər, məşqçilər və təşkilatçılar Astara rayon Gənclər və İdman İdarəsi fəxri fərman, diplom, medal və qiymətli hədiyyələri ilə təltif olunublar.
 
*  *  *
Ağcabədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə karate-do idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq kata yarışı keçirilib.
Ağcabədi rayon mərkəzi stadionunda 30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi rayonda karate-do idman növünün inkişaf etdirilməsi olub.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə 8-10 yaşlılar arasında Toğrul Qənbərov, Fazil Məmmədov, İbad Hacıyev,11-14 yaşlılar arasında Xəyal Atakişiyev, Nicat Quluzadə, Murad Abbaslı, 15-18 yaşlılar arasında Adəm Məmmədov, Lazım Allahverdiyev, Razi Museyibli, müvafiq olaraq, mükafatlara layiq görülüblər.