Rəqiblər məğlubiyyətin cavabını verə bilmədilər

Rəqiblər məğlubiyyətin cavabını verə bilmədilər

Dünən UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində daha iki cavab oyunu keçirilib.
Qarşılaşmalardan biri Macarıstanda, digəri isə İspaniyada baş tutub.
“Mançester Siti” klubu pandemiya səbəbindən “Borussiya Mönhenqladbax” komandasını Budapeştdəki “Puşkaş Arena”da qəbul edib. Bu stadiondakı ilk görüşdə də “Mançester Siti” 2:0 hesablı qələbə qazanmışdı. Bu görüşdə də üstün oyun nümayiş etdirən Mançester təmsilçisi rəqibini eyni hesabla məğlub edib. "Şəhərlilər"in heyətində Kevin De Brüyne və İlkay Gündoğan fərqləniblər.
Günün digər görüşündə Madrid “Real”ı İspaniyada “Atalanta” komandasını sınağa çəkib. Oyunda hesabı madridlilər 34-cü dəqiqədə açıb. "Real"ın əsas qol silahı Kərim Benzema fərqlənib. Fasilədən sonra "kral klubu" hesab arasındakı fərqi iki topa çatdırıb. Hakimin təyin etdiyi penaltini kapitan Serxio Ramos dəqiq yerinə yetirib.
Matçın 83-cü dəqiqəsində Berqamo təmsilçisi qollardan birinin əvəzini (Luis Muriel) çıxıb, iki dəqiqə sonra Marko Asensio yenidən komandasının üstünlüyünü iki topa çatdırıb.
Qalan dəqiqələrdə hər iki komandanın fərqlənməyə şansı olsa da hesab dəyişilməyib.
Beləliklə, "Mançester Siti" və "Real" UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.