Karateçilərimiz Limassoldan 7 medalla qayıdırlar

Karateçilərimiz Limassoldan 7 medalla qayıdırlar

Kiprin Limassol şəhərində gənclər arasında Karate 1 Liqa yarışı keçirilib. Yarışda ümumilikdə 37 ölkədən 760 idmançı mübarizə aparıb. Turnirdə ölkəmizin uşaq, yeniyetmə və gənclərdən ibarət seçmə komandaları mübarizə aparıb. Yeniyetmə və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyət turnirdə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Belə ki, 14-15 yaşlı yeniyetmələrdən Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) qızıl, Mehralı Məmmədov (+70 kq) gümüş, Amin Yadigarlı (52 kq) və Aysu Əliyeva (47 kq) isə bürünc medallara sahib olublar.

Fərid Savadov (55 kq) və Nicat Kərimli (61 kq) isə 16-17 yaşlı gənclərin yarışında uğurla çıxış ediblər. F.Savadov qızıl, N.Kərimli bürünc medal qazanıblar.

Aşağı yaşlı karateçilərimizi, həmçinin böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edib. Beynəlxalq referi Mais Mədətov isə görüşlərin idarə olunmasında iştirak edib.