Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycanın daha 3 idmançısı Olimpiadada mübarizə apaacaq. İdmançılarımızdan ikisi cüdo, biri isə boks yarışlarında gücünü sınayacaq. Cüdo yarışlarının son günündə 1 qadın və 1 kişi cüdoçumuz tatami üzərinə çıxacaq. Kişilərin mübarizəsində Uşangi Kokauri (+100 kq), qadınların yarışında isə İrina Kindzerska (+78 kq) medallar uğrunda yarışacaqlar.
Mübarizəyə 1/16 finaldan başlayacaq Uşangi Kokauri 1/16 finalda polşalı Matsey Sarnaçki ilə qarşılaşacaq. Xanım cüdoçumuz isə İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi ilə üz-üzə gələcək.
Günorta radələrində isə boksçumuz Alfonso Dominges rinqə çıxacaq. 81 kq çəki dərəcəsində çıxış edəcək dəri əlcək ustamız 1/4 finalda türkiyəli Bayram Malkanla qarşılaşacaq.
Xatırladaq ki, A.Dominges ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetovu məğlub etmişdi. Boksçumuz türkliyəli rəqibini məğlub edəcəyi təqdirdə ən azı bürünc medalı özü üçün təmin edəcək.