BOK-un 125-ci sessiyası öz işinə başlayıb

BOK-un 125-ci sessiyası öz işinə başlayıb




Sentyabrın 4-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin iclası və BOK-un 125-ci Sessiyası öz işinə başlayıb.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən olimpnews.az-a daxil olan xəbərə görə, bir həftə davam edəcək toplantıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək. A. Rəhimov BOK-un üzvü olmadığından tədbiri xüsusi qonaq qismində müşahidə edəcək və səsvermə prosesində iştirak etməyəcək.
Proqrama əsasən, ilk 2 gün ərzində BOK İcraiyyə Komitəsinin iclası keçiriləcək. Sentyabrın 5-də qurumun hazırkı prezidenti Jak Roqq səlahiyyət müddətinin başa çatması ilə əlaqədar jurnalistlərlə görüşəcək.
Sentyabrın 6-da 2020 və 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd növlər (güləş, softbol və skvoş) üzrə beynəlxalq federasiyaların rəhbərlərinin mətbuat konfransı gözlənilir. Həmin gün həm də BOK-un 125-ci Sessiyasının açılışı olacaq. Səhərisi gün 2020-ci il Yay Olimpiya Oyunlarına namizəd şəhərlərin - İstanbul (Türkiyə), Tokio (Yaponiya) və Madridin (İspaniya) təqdimatı keçiriləcək. 
Sentyabrın 8-də isə 2020 və 2024-cü ildə təşkil ediləcək olimpiadaların proqramına salına biləcək güləş, softbol və skvoş idman növlərinin təqdimatı və səsverməsi keçiriləcək. Səsvermədən sonra adıçəkilən növlərdən biri Olimpiya oyunlarının proqramına daxil ediləcək.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin iclası və BOK-un 125-ci Sessiyası öz işini sentyabrın 10-da yekunlaşdıracaq. Sonuncu gün BOK-un 9-cu prezidentinin, vitse-prezidentinin və eləcə də İcraiyyə Komitəsinin yeni üzvlərinin seçkisi ilə yadda qalacaq.
Qeyd edək ki, BOK-un yeni prezidenti postuna Sergey Bubka (Ukrayna), Tomas Bax (Almaniya), Nq Ser Mianq (Sinqapur), Çinq Kuo Vu (Tayvan), Riçard Kerrion (Puerto-Riko) və Denis Osvald (İsveçrə) iddialıdırlar.