Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç səsləndirib.
Müraciətdə bildirilib ki, COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq əməkdaşlıq və həmrəylik vacibdir:
“Biz gələcəyi yüksək texnologiyalar olmadan qura bilməyəcəyik. Bizim gələcəyimizi formalaşdırmaq üçün planımız olmalıdır. Peyvəndlər siyasiləşdirilir. Beynəlxalq Olimpiya Komitəsi dünyada peyvəndlərin bərabər şəkildə paylanmasına tərəfdardır. Tokioda keçirilən Olimpiya Oyunları həmrəylik yönündə dünyaya bir mesaj idi”.
Müraciətdə qeyd olunub ki, rəqəmsallaşan dünya yeni risklər yaradır:
“Biz rifahı, əməkdaşlığı təmin etməliyik. Bizim öhdəliyimiz idmanın üzərinə düşən məramı sona qədər həyata keçirməkdir. Biz problemi həll etsək də, onun sosial və iqtisadi təsirlərini hiss edəcəyik. 2022-2025-ci illərdə biz rəqəmsallaşmanın genişlənməsi üçün həmrəyliyə daha çox önəm verməliyik. COVID-19 pandemiyası göstərdi ki, idman bizi müsbət işlərə sövq edə bilər”.