Üçüncü İslam Həmrəylik Oyunlarının təntənəli açılışı olub

Üçüncü İslam Həmrəylik Oyunlarının təntənəli açılışı olub





İndoneziyada Üçüncü İslam Həmrəylik Oyunlarının təntənəli açılışı olmuşdur.
Açılış mərasimində İndoneziyanın məşhur müğənniləri, müxtəlif musiqi və rəqs qrupları iştirak etmişlər.
Rəngli işıqlarla bəzədilən stadionda bütün kompozisiyalar milli koloritdə təqdim olunmuşdur. İndoneziyanın milli musiqi sədaları altında başlayan mərasim idmançıların paradı ilə davam etmişdir.
Azərbaycan sıra keçidində Əlcəzair komandasından sonra 2-ci olmuşdur. Dövlət bayrağını İntiqam Zairov daşımışdır. Rəsmi açılışda Azərbaycan nümayəndə heyəti 50 nəfərlə - idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri ilə təmsil olunmuşdur.
Paraddan sonra çıxış edən İndoneziya Prezidenti Susilo Bambanq Yudona qısa zamanda təşkilatçılıq probleminin həll olunduğunu bildirmişdir. İslam Həmrəyliyi Oyunlarına böyük önəm verildiyini vurğulayan dövlət başçısı bu yarışların Palembanq üçün tarixi hadisə olduğunu söyləmişdir.
Tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Navaf Faisal Bin Abdulaziz də çıxış etmişdir.
Rəsmi hissədən sonra İndoneziyanın milli geyimlərində olan qızlar müxtəlif rəqs səhnələrini nümayiş etdirmişlər.
Mərasim Olimpiya məşəlinin yandırılması ilə davam etmiş, atəşfəşanlıqla başa çatmışdır.
Təntənəli açılış mərasimindən bir gün əvvəl III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan bayrağı qaldırılmışdır.
Sentyabrın 22-də səhər saatlarında Olimpiya kəndində bu münasibətlə təşkil olunmuş mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, eləcə də Azərbaycan idmançıları, məşqçilər və nümayəndə heyətinin üzvləri iştirak etmişlər. Dövlət bayrağı Azərbaycan himninin sədaları altında ucaldılmışdır.