Rəfael Ağayev: “Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir”

Rəfael Ağayev: “Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir”


Xəbər verdiyimiz kimi, İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları davam edir. Yarışların ikinci günündə Azərbaycanı təmsil edən karateçi Rafael Ağayev (75 kq) bir-birinin ardınca rəqiblərini üstələyərək ölkəmizə daha bir qızıl medal qazandırıb.
Təmsilçimiz Rafael Ağayev ilk döyüşündə Əlcəzair idmançısını 7:2 hesabı ilə məğlübiyyətə uğratdı. İkinci döyüşdə o, türkiyəli rəqibinə 7:0, üçüncüdə isə Misir karateçisinə - 6:3 hesabı ilə qalib gəldi. Finalda isə Rəfayelin rəqibi İran idmançısı idi. İdmançımız bu rəqibinin öhdəsindən layiqincə gəldi - 5:2.
Beşqat dünya çempionu, 28 yaşlı Rəfael Ağayev 3-cü İslam Həmrəyliyi Oyunlarında mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verib: «Bu yarışda məni çoxları favorit görürdü və bu, məni rəqiblərimə qalib gəlməyə həvəsləndirirdi. Mən heç cür məğlub ola bilməzdim. Düzdür, Misir idmançısı ilə döyüş bir az çətin oldu. Çünki həmin idmançı gəncdir və onunla ilk dəfə idi döyüşürdüm. Mən 3:0 hesabı ilə öndə idim. 

Bir balaca arxayınlıq hesabın bərabərləşməsinə səbəb oldu. Vaxt azalırdı, əgər hesab bərabər qurtarsaydı mütləq qələbəni ona verəcəkdilər. Son anda riskə getdim: 3 xallıq fənd işlədərək onu yerə sərdim və əlavə zərbə sayəsində qələbəni özümə təmin etdim. Finalda isə İran idmançısından güclü olduğumu bir daha sübuta yetirdim.
Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir. Mənə dəstək olan hər kəsə - atama, anama, qardaşlarıma, Sumqayıtda 7 yaşımdan ilk məşqçim olmuş Rafayel Məmmədova, eləcə də yetişməyimdə böyük rolu olmuş Füzuli müəllimə, Yaşar müəllimə, Ülvi müəllimə, baş məşqçimiz Rəhman Hətəmova minnətdaram. Xüsusən, Rəhman müəllimin bizim nailiyyətlərimiz üçün çox zəhməti olub.
Səkkiz il bundan öncə, Birinci İslam Oyunlarının ən gənc iştirakçısı idim və bu yarışda 3-cü yeri tutmuşdum. İndi isə oyunların ən yaşlı karateçisi oldum və Allaha şükürlər olsun ki, Vətənə qızıl medala qayıdacağam. Nə qədər ki, gücüm var, çalışacağam ki, Azərbaycanımın bayrağını daim yüksələrə qaldırım. Hazırda ən böyük arzum 2015-ci ildə Bakıda keçiriləcək Birinc Avropa Oyunlarınn qalibi olmaqdır».
Qeyd edək ki, III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yıgmasının bu günə qədər əldə etdiyi 3 medaldan (2 qızıl və 1 gümüş) hamısı karateçilərin payına düşür.