İllərdir ki, ölkə ərazisində internetlə bağlı problemlər səngimək bilmir. Qiymətin yüksək, keyfiyyətin isə aşağı olması internet istifadəçilərinin ən yaralı yeridir.
İnternetdən təkcə dərsə, işə görə istifadə edənlər deyil, habelə axşam iş yorğunluğunu kinoya baxaraq çıxaranlar da onun “güclü” sürətini görüb sağlıqlarından - əsəb sistemlərindən olurlar.
Adətən sözügedən hallarda halda interneti təmin edən firma ilə əlaqə saxladıqda təmir işlərinin aparıldığını, problemin tezliklə aradan qaldırılacağı deyilir. Amma ki, nə fayda... Həmçinin ölkədə mobil internetin də sürətində kəskin enmələr müşahidə olunur.
Son statistikaya baxsaq, Azərbaycanda mobil internet zəifləyərək, 61-ci yerə geriləyib.
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bu sahədəki əngəllərdən söz açıb. Onun sözlərinə görə, internetin sürətinin aşağı düşməsi bir tərəfdən sevindirici haldır, çünki:
“İnternetin sürətinin aşağı düşməsi müəyyən mənada sevindirici olmalıdır. Bu o deməkdir ki, Azərbaycanda aktiv internet istifadəçilərinin sayı artıb. Son zamanlar mobil operatorların faktiki olaraq mobil interneti güclü şəkildə populyarlaşdırması, bu istiqamətdə kampaniyalar keçirməsi müəyyən mənada internetin sürətinə təsir göstərir.
Məndə olan məlumata görə, internet istifadəçilərinin sayının artması, mobil internet şəbəkələrinin sürətini aşağıya salır. Burada çözüm yolu yalnız mobil operatorlara düşür və onlar hər bir qurğu, antenalarında internetin tutumunu artırmalıdır.
İkinci problem isə bizim bir çox resurslarımızın yerli olmamasıdır. Bizim istifadə etdiyimiz resurslar ölkədən kənarda yerləşir və biz onlardan istifadə etmək üçün məcbur qalaraq xarici serverlərə müraciət edirik. Bu da sürətə birbaşa olaraq təsir göstərir. Əgər biz yerli aktiv resursların aktiv istifadəçisi olsaq, yerli data serverlərdə yerləşdirilsəydi biz daha sürətli şəkildə internetdən istifadə edə bilərdik”.
Fərid Kazımov həmçinin bildirir ki, vətəndaşlar ödədiyi pulun əvəzində internetin keyfiyyətindən narazılığı yaranarsa, bu halda aidiyyatı qurumlara şikayətlərini bildirməlidilər:
“Əgər istifadəçi müəyyən mənada provayderlərlə müqavilə bağlayırsa, əgər provayder 50 mb/s, 100 mb/s verirsə, müqaviləyə uyğun şəkildə bunlar təqdim olunmalıdır. Amma təəssüf ki, çox vaxt deyilənlər reallıqda öz əksini tapmır. Çünki qeyd edilən sürəti biz gecə saatlarında görə bilirik. Pik saatlarda trafikin çoxluğu sürətə təsir edir və yaxşı olmur. Əgər belə hallar çox hallarda baş verərsə, aidiyyatı qurumlara və istehlakçıların hüquqlarının müdafiə edən dövlət qurumlarına müraciət olunmalıdır ki, sözügedən problemlərin qarşısı alınsın”, - deyə qeyd edən
F.Kazımov həmçinin problemin həll olması istiqamətində ümidverici açıqlama da verib:
“Amma əminəm ki, yaxın 1-2 il ərzində internetin keyfiyyəti artırılacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu istiqamətdə böyük işlər aparır. Buna nümunə olaraq, bir çox regionlarda geniş zolaqlı internetin təklif olunmasını göstərə bilərik. Nazirliyin edə bilmədiyi bəzi bölgələrdə isə dövlət özəl tərəfdaşlığı vasitəsilə bu xidmətlər təşkil olunur.
Müasir trendlərə uyğun olaraq, özümüz də bu servisləri inkişaf etdirə bilərik. Əgər biz online-distant təhsildən danışırıqsa, internetin sürəti aşağıdırsa təbii ki, biz xidmətdən istifadə edə bilmirik.
Bu səbəblə sözügedən sahədə fəaliyyət göstərmək istəyən şirkətlər də xidmətlər təklif edə bilmir. 1-2 il ərzində internet sürətinin keyfiyyəti artırılarsa, bir neçə sahənin inkişafı üçün real zəminlər yaradacaq. Elektron təhsil, elektron xidmətlər, gələcəkdə telesəhiyyənin də inkişafına səbəb olacaq”./Bizim.Media