Samir Əliyev: "Təyinatım keçən ildən gündəmdə idi"

Samir Əliyev: "Təyinatım keçən ildən gündəmdə idi"

"Gözlənilən təyinat idi. Səmimi olsaq, bu məsələ bir neçə ay əvvəl, hətta keçən ildən gündəmdə idi. Sadəcə, rəsmiləşməsini gözləyirdik".

Bunu "Olimpnews"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunan Samir Əliyev deyib.

43 yaşlı mütəxəssis bildirib ki, onun daha əvvəl U-19-da işləməsinin məqsədi sonradan U-21-ə təyinatı ilə bağlı olub: "Daha sonra U-20-yə, indi isə U-21-yə təyinat aldım. Sonuncu seçmə mərhələnin və serbiyalı mütəxəssis Milan Obradoviçin müqaviləsinin bitməsini gözləyirdik".

Əliyev hələlik qarşıya qoyulan hədəflər barədə danışmaq istəmədiyini söyləyib: "Hədəflər növbəti seçmə mərhələnin püşkündən sonra müəyyənləşdirilməlidir. Amma bu yaş qrupunda həmişə hədəf əsas komandaya futbolçu verməkdir. Bu, aşağı yaş qruplarından sistemli şəkildə olmalıdır. Əsas məqsəd də budur".

Baş məşqçi U-21-in əvvəlki nəticələri barədə fikir bildirmək istəməyib: "Biz komanda formalaşdıracağıq. Çünki hazırkı komandanın üzvləri artıq növbəti seçmə mərhələdə oynaya bilməyəcəklər. U-20 və U-19-dakı öz uşaqlarımızla mübarizəyə start verəcəyik".