Gənc atletlərimizin Yay Olimpiya Festivallarındakı 13-cü cəhdi

Gənc atletlərimizin Yay Olimpiya Festivallarındakı 13-cü cəhdi

Komandamız Banska Bistritsaya 33 idmançı ilə yollanacaq

 

 

Avropa Gənclər XVI Yay Olimpiya Festivalına artıq sayılı günlər qalır. İyulun 24-dən 30-dək Slovakiyanın Banska Bistritsa şəhərində təşkil olunacaq yeniyetmələrin budəfəki mübarizəsində 50 ölkədən 4 minə yaxın idmançı qüvvəsini sınayacaq. Əslində bu şəhərin ötən il iyulun 25-dən 31-dək festivala ev sahibliyi edəcəyi planlaşdırılsa da, yarış koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

10 idman növü üzrə keçiriləcək 13-18 yaşlı idmançıların yarışında Azərbaycanlı yeniyetmə idmançılar da təmsil olunacaqlar. Atletlərimiz festivalda 7 idman növündə - atletika, tennis, üzgüçülük, velosiped, cüdo, badminton, gimnastika üzrə yarışlarda mübarizə aparacaqlar. Komandamızın heyətində cüdo (12), velosiped (7), atletika (6), gimnastika (4), badminton (2), üzgüçülük (1), tennis (1) idman növləri üzrə 33 idmançı yer alıb. Yeniyetmə idmançılarımızın Olimpiya festivallarındakı 13-cü cəhdində Azərbaycan komandasının missiya rəhbəri Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev olacaq. Komandamızın bayraqdarı isə atletika idman növünün çəkicatma yarışlarında çıxış edən Səkinə Hacızadə olacaq.

Komandamız festivalın keçirildiyi Banska Bistritsa şəhərinə iyulun 23-də yola düşəcək.

“Olimpiya dünyası” qəzetinin bu dəfəki sayında Azərbaycan idmançılarının Avropa Gənclər Yay Olimpiya Festivallarındakı çıxışları barədə məlumat verəcəyik.

 

Belə ki, 1990-cı ildə Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən təsis edilən Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı müasir dövrün əhəmiyyətli idman tədbirlərindən biridir. Bu tədbir qitədə yeniyetmələr arasında müxtəlif idman növləri üzrə yarışların keçirilməsində böyük əhəmiyyət daşıyır.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi və Avropa Olimpiya Komitəsinin (AOK) təşkilatçılığı ilə keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalları (AYOF) həmçinin Olimpiya Hərəkatında da xüsusi yer tutur. Festivalın təşkilində məqsəd Olimpiya Hərəkatının daha da genişləndirilməsi və yeniyetmələrin idmana kütləvi surətdə cəlb edilməsidir. Yeniyetmələrin bu yarışlarda iştirakı onların böyük idmanda təcrübələrinin artmasına, gələcəkdə Olimpiya Oyunlarında çıxış etmələrinə əlverişli zəmin yaradır. Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında “Köhnə qitə”dən olan minlərlə yeniyetmə idmançı güc və bacarığını nümayiş etdirir. Sağlam və ədalətli idman mübarizəsi şəraitində keçən yarışda 13-18 yaşlı, dünya görüşü yenicə formalaşmağa başlayan yeniyetmələr həm də biri-biri ilə ünsiyyət qurur, fikir mübadiləsi aparırlar.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Jak Roqq hələ Avropa Olimpiya Komitəsinin prezidenti olarkən, dünyada Olimpiya Hərəkatını daha da genişləndirmək, yeniyetmələri idmana kütləvi surətdə cəlb etmək məqsədilə Avropa Yeniyetmələrinin Olimpiya Günlərini keçirmək təşəbbüsü ilə çıxış etmişdi.

Yeniyetmələrin ilk Olimpiya Günləri 1991-ci il iyulun 18-dən 20-dək Brüsseldə keçirildi. 1993-cü ildən başlayaraq həm yay və həm də qış idman növləri üzrə hər iki ildən bir keçirilən bu oyunların adı 2001-ci ildə dəyişdirilərək Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (AYOF) adlandırıldı. Festivalda Avropanın 50 ölkəsindən gələn yeniyetmə idmançılar iştirak edirlər. Azərbaycan təmsilçiləri Olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başladılar. Təmsilçilərimizin ilk yarışı 1993-cü ildə Niderlandın Valkensvard şəhərinə təsadüf etdi. Bu festivalın sonuncusu isə 2019-cu ildə paytaxtımız Bakıda təşkil olundu. Beləliklə, 1993-cü ildən Avropa Yeniyetmələrinin Yay Olimpiya festivallarında təmsil olunmağa başlayan Azərbaycan 26 ildən sonra bu yarışa ev sahibliyi etmək hüququ qazandı.

Azərbaycanın yeniyetmə idmançıları bu günədək keçirilmiş Avropa Yeniyetmələrinin 15 Yay Olimpiya Festivalından 12-də iştirak etdi və ümumilikdə 70 medal (27 qızıl, 18 gümüş, 25 bürünc) qazandılar. Bu yarışlarda uğurlar əsasən cüdo, güləş, atletika və idman gimnastikası növlərində əldə olundu. Qazanılan medallardan 46-sı (15 qızıl, 11 gümüş, 20 bürünc) cüdoçularımızın, 16-sı (8 qızıl, 5 gümüş, 3 bürünc) güləşçilərimizin, 7-si (4 qızıl, 1 gümüş, 2 bürünc) atletlərimizin, 1 gümüş medal isə idman gimnastlarımızın payına düşdü.

Cüdo və atletikadan fərqli olaraq güləşçilərimizin Olimpiya festivallarında qazandıqları medalların hamısı Bakı-2019-a təsadüf edir.

Komandamızın Olimpiya festivallarında medal sıralamasına görə ən yaxşı nəticəsi 2019-cu ildə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında 23 medalla 4-cü yeri tutmasıdır. Azərbaycan idmançılarının bundan sonrakı ən yüksək nailiyyəti isə Belqrad-2007-də 7 qızıl medal qazanaraq 6-cı olmasıdır.

 

 

 

Valkensvard-1993

 

1993-cü il iyulun 3-9-da Niderlandın Valkensvard şəhərində Avropa Yeniyetmələrinin II Olimpiya Günləri təşkil olundu. Yarışda 43 ölkədən 1874 idmançı mübarizə apardı. İdmançılar 10 idman növü üzrə qüvvələrini sınadılar. Azərbaycan komandası ilk dəfə iştirak etdiyi bu yarışda 4 medal - 2 qızıl, 1 gümüş, 1 bürünc qazandı. Təmsilçilərimiz atletika və cüdo yarışlarında uğurla çıxış etdilər. Cüdoçularımızdan Turan Səfərov (60 kq) qızıl, İlham Məmmədov (46 kq) gümüş, Taleh Sultaov (65 kq) isə bürünc medal medal əldə etdi. Atletimiz Elvira Cabbarova 100 metr məsafəyə qaçış yarışlarının ikincisi oldu. Yeniyetmələrdən ibarət komandamız bu nəticə ilə Valkensvardda ümumi hesabda 17-ci yeri tutdu.

 

 

 

Esbyorq-1999

 

1999-cu il iyulun 10-dan 16-dək Danimarkanın Esbyorq şəhərində Avropa Yeniyetmələrinin V Olimpiya Günləri keçirildi. Yarışda 48 ölkədən 2324 yeniyetmə atlet 11 idman növü üzrə qüvvəsini sınadı.

Azərbaycan idmançıları da bu yarışda mübarizə apardılar. Komandamız festivalı 4 bürünc medalla başa vurdu. Yeniyetmə cüdoçularımız Tural Abbasov (50 kq), Kifayət Qasımova (52 kq), Turan Musayev (73 kq) və Nurəddin Səlimov (81 kq) festivalın bürünc medalını qazandılar. Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası bu festivalda ümumi hesabda 34-cü yeri tutdu.

 

 

Mursiya-2001

 

2001-ci il iyulun 22-dən 26-dək İspaniyanın Mursiya şəhərində Yeniyetmələrin VI Avropa Yay Olimpiya Festivalı keçirildi. Bu yarışdan etibarən Yeniyetmələrin Olimpiya Günləri Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı kimi adlandırılmağa başlandı. Festivalda 48 ölkədən 2500 idmançı 10 idman növündə mübarizə apardı. Yarışda iştirak edən Azərbaycan idmançıları 2 gümüş, 2 bürünc medal qazandılar. Mursiya-2001-də yalnız cüdoçularımız uğurla çıxış edərək komandamızın aktivinə medallar yazdırdılar. Cüdoçularımızdan Rza Əliyev (55 kq), Rəşad Quliyev (60 kq) gümüş, Xəyal Qəhrəmanov (50 kq) və Samir Sərkərov (81 kq) isə bürünc medallara layiq görüldülər. Yığmamız bu nəticə ilə ümumi komanda hesabında 30-cu yerdə qərarlaşdı.

 

 

Paris-2003

 

2003-cü il iyulun 27-dən avqustun 3-dək Fransanın paytaxtı Parisdə Yeniyetmələrin VI Avropa Yay Olimpiya Festivalı keçirildi. 48 ölkədən 2500 idmançının mübarizə apardığı yarışlar 10 idman növü - futbol, basketbol, həndbol, voleybol, cüdo, atletika, gimnastika, velosiped idmanı, üzgüçülük və stolüstü tennis üzrə təşkil edildi. Yarışlar Parisin 8 idman obyektində keçirildi. Azərbaycan idmançıları 5 idman növü - atletika, cüdo, üzgüçülük, velosiped idmanı və stolüstü tennis yarışlarında mübarizə apardılar. Komandamız təmsil olunduğu 4-cü festivalda 5 (2 gümüş, 3 bürünc) medala sahib çıxdı. Ölkəmiz medalların hamısını cüdo idman növündə əldə etdi. Yeniyetmə cüdoçularımızdan Nicat Şıxəlizadə (50 kq) və Anar Əliyev (81 kq) gümüş medala layiq görüldülər. Bürünc medallara isə Elşən Kərimov (60 kq), Seymur Rzayev (66 kq) və Teymur Əlixanov (73 kq) sahib çıxdılar. 39 dövlətin idmançılarının medal qazandığı festivalda komandamız 29-cu yeri tutdu.

 

 

Liqnano-2005

 

Avropa Yeniyetmələrinin VIII Yay Olimpiya Festivalı 2005-ci il iyulun 3-9-da İtaliyanın Liqnano şəhərində təşkil edildi. Yarışda 48 ölkənin atleti 11 idman növündə qüvvəsini sınadı. Komandamız festivalda 5 idman növündə 12 idmançı ilə təmsil olundu. İdmançılarımız bu yarışda 6 medala (2 qızıl, 4 bürünc) sahib çıxdılar. Qızıl medallara cüdoçularımız Teymur Bağırlı (55 kq) və Zaur Bağırlı (60 kq) layiq görüldülər. Bürünc medalları isə komandamıza cüdo yarışlarında Samir Dadaşzadə (50 kq), Asəf Əliyev (73 kq), atletikanın 400 metr məsafəyə qaçış yarışlarında Pavel Setin, üçtəkanla tullanmada isə Ruslan Panatenko qazandırdı. Azərbaycan medal əldə edən ölkələrin komandaları sırasında 19-cu pillədə yer aldı. Keçmiş sovet ölkələri arasında isə ölkəmiz 7-ci yeri tutdu. Millimiz bu yarışı Avropanın aparıcı komandalarından hesab edilən Fransa, Yunanıstan, Türkiyə, Çexiya və Norveçdən irəlidə başa vurdu.

Ümumiyyətlə, festivalda 48 ölkədən 37-si medal əldə etdi.

 

 

 

Belqrad-2007

 

2007-ci ilin iyulun 22-27-də Serbiyanın paytaxtı Belqrad şəhərində Avropa Yeniyetmələrinin IX Yay Olimpiya Festivalı keçirildi. Festivalda Avropanın 49 ölkəsini təmsil edən 3000-dək idmançı 11 idman növündə mübarizə apardı. Azərbaycan komandası yarışda 6 idman növündə (velosiped idmanı, atletika, tennis, stolüstü tennis, üzgüçülük, cüdo) 34 idmançı ilə təmsil olundu. Azərbaycan yığma komandası oyunlarda parlaq qələbəyə imza ataraq, 7 qızıl medala sahib çıxdı. Bu medallardan 4-ü cüdo, 3-ü isə atletika yarışlarında qazanıldı. Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər Bağırzadə (55 kq), Sərxan Əhmədov (60 kq) və Şahin Qəhrəmanov (90 kq) fəxri kürsünün birinci pilləsində qərarlaşdılar. Sərxan Əhmədov bu festivalda “ən yaxşı atlet” adına layiq görüldü.

Atletika yarışlarında Ramil Quliyev 100 və 200 metr məsafələrə qaçışda, Ənvər Zeynalzadə isə üçtəkanla tullanma yarışlarında qızıl medal qazandı. Yığma komandamız bu nəticə ilə 49 dövlət arasında 6-cı oldu.

Komandamız bu nəticə ilə Belçika, Rumıniya, Polşa, Fransa, Niderland, Macarıstan kimi güclü komandaları geridə qoydu.

 

 

Tampere-2009

 

Avropa Yeniyetmələrinin X Yay Olimpiya Festivalı 2009-cu il iyulun 18-dən 25-dək Finlandiyanın Tampere şəhərində təşkil olundu.

9 idman növü üzrə (atletika, basketbol, velosiped idmanı, gimnastika, həndbol, cüdo, üzgüçülük, tennis və voleybol) keçirilən yarışlarda ümumilikdə 49 ölkədən 3302 idmançı 109 dəst medal uğrunda mübarizə apardı. Festivalda Azərbaycan 32 idmançı (20 oğlan, 12 qız) ilə cüdo, üzgüçülük, tennis, atletika və velosiped idmanı növlərində təmsil olundu. Komandamız bu festivalda 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib çıxdı. Bu medalları komandamızın aktivinə cüdo üzrə yığmamızın üzvləri yazdırdılar. Bütün rəqibləri üzərində inamlı qələbə qazanan cüdoçularımız Kamran Bağırov (50 kq), Cəlil Cəlilov (66 kq) qızıl medal əldə etdilər. Gümüş medalı komandamıza xanım cüdoçumuz Şəfəq Muradzadə (52 kq) qazandırdı. Digər cüdoçumuz Mahir Cəfərli (60 kq) isə festivalın bürünc medalına sahib çıxdı. Cüdo üzrə komandamızın üzvləri ümumi hesabda 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ikinci yerdə qərarlaşdı.

Avropa Yeniyetmələrinin X Olimpiya Festivalında ümumilikdə 37 ölkə medal əldə etdi. Yarışın yekunlarına əsasən Azərbaycan komandası 4 medalla festivalda iştirak edən 49 ölkə arasında 19-cu pillədə yer aldı.

 

 

Trabzon-2011

 

Avropa Yeniyetmələrinin XI Yay Olimpiya Festivalı 2011-ci il iyul ayının 24-29-da Türkiyənin Trabzon şəhərində keçirildi. Bu festivalda dünyanın 49 ölkəsindən 4 minə yaxın 13-18 yaşlı idmançı atletika, basketbol, velosiped idmanı, gimnastika, həndbol, cüdo, tennis, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak etdi. Festivalda Azərbaycanın 35 yeniyetmə idmançısı altı idman növü (atletika, cüdo, idman gimnastikası, velosiped idmanı, üzgüçülük, tennis) üzrə yarışlarda qüvvəsini sınadı. Ölkəmizi atletika üzrə yarışlarda 10 (7 oğlan, 3 qız), cüdoda 12 (6 oğlan, 6 qız), idman gimnastikasında 2 (hər ikisi oğlan), velosiped yarışlarında 3 (hər üçü oğlan), üzgüçülükdə 4 (3 oğlan, 1 qız) və tennisdə 4 (2 oğlan və 2 qız) idmançı təmsil etdi.

Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında Azərbaycan yığma komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib çıxdı. Cüdoçumuz Firudin Dadaşov (73 kq) qızıl medala, digər cüdoçularımız Hüseyn Rəhimli (66 kq) və Cəlil Şükürov (90 kq) isə gümüş medallara layiq görüldülər.

Komandamız bu nəticə ilə 49 ölkə arasında 23-cü yeri tutdu.

 

 

Utrext-2013

 

Niderlandın Utrext şəhərində keçirilən Yeniyetmələrin XII Yay Olimpiya Festivalı 2013-cü il iyulun 14-19-da keçirildi. Yarışda Avropanın 49 ölkəsindən 3143 idmançı mübarizə apardı. Yeniyetmələr festivalda idmanın 9 növü - basketbol, velosiped idmanı (şose), voleybol, həndbol, cüdo, atletika, üzgüçülük, idman gimnastikası və tennis üzrə keçirilən yarışlarda qüvvələrini sınadılar. Azərbaycan komandası yarışda 5 (atletika, tennis, üzgüçülük, velosiped idmanı, cüdo) idman növündə 30 idmançı ilə mübarizə apardı. İdmançılarımızdan 7-si atletika, 2-si tennis, 6-sı üzgüçülük, 3-ü velosiped idmanı, 12 nəfəri isə cüdo yarışlarında iştirak etdi. İdmançılarımız Utrextdə 2 qızıl və 1 bürünc medala sahib çıxdılar. Qızıl medalları ölkəmizə cüdoçumuz Elnur Abbasov (50 kq) və üçtəkanla tullanma yarışlarında mübarizə aparan Nazim Babayev qazandırdı. Bürünc medala isə digər cüdoçumuz Hidayət Heydərov (60 kq) sahib çıxdı. Komandamız bu nəticə ilə 49 ölkə arasında 18-ci yeri tutdu.

 

 

 

Tbilisi-2015

 

2015-ci il iyulun 26-dan avqustun 1-dək Gürcüstanın paytaxtı Tbilisidə Avropa Yeniyetmələrinin XIII Yay Olimpiya Festivalı keçirildi. Yarışda dünyanın 50 ölkəsindən 3304 idmançı 9 idman növündə mübarizə apardı. Azərbaycan komandası iştirak etdiyi sayca 10-cu festivalında 6 idman növü - atletika (10 nəfər), tennis (4), üzgüçülük (5), bədii gimnastika (1), velosiped idmanı (3) və cüdo (12) üzrə 35 idmançı ilə təmsil olundu.

İdmançılarımız festivalı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurdular. Komandamıza qızıl medalları cüdoçularımız Şəfəq Həmidova (40 kq) və Hasil Cəfərov (73 kq) qazandırdı. Digər cüdoçularımızdan Kəramət Hüseynov (55 kq) gümüş, İbrahim Bayramlı (50 kq) və İsmayıl İbrahimov (60 kq) isə bürünc medala sahib çıxdılar. Azərbaycan komandası bu göstərici ilə ümumi medal sıralamasında 22-ci yeri tutdu.

Festivalın təşkilində və keçirilməsində ümumilikdə 1500-dən çox könüllü iştirak etdi ki, onlardan da 35-i azərbaycanlı idi.

 

 

 

Gyor-2017

 

2017-ci il iyulun 23-30-da Macarıstanın Gyor şəhərində Avropa Yeniyetmələrinin XIV Yay Olimpiya Festivalı keçirildi. Festivalın açılış mərasimi Gyor şəhərinin “ETO-Park” stadionunda təşkil olundu. Festivalda qitənin 50 ölkəsindən 3675 idmançı 10 idman növündə (basketbol, həndbol, gimnastika, voleybol, cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə, velosiped idmanı) qüvvəsini sınadı. XIV Olimpiya Festivalında 41 atletlə təmsil olunan Azərbaycan komandası 4 idman növü (cüdo, atletika, velosiped idmanı, tennis) üzrə yarışlarda mübarizə apardı. İdmançılarımız Gyor-2017-ni 2 (1 gümüş və 1 bürünc) medalla başa vurdular. Komandamıza hər iki medalı cüdoçularımız qazandırdı. Oyunlarda 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova gümüş medala layiq görüldü. Adil Kərimli (-90 kq) isə bürünc medala sahib çıxdı. Komandamız bu nəticə ilə festivalda mübarizə aparan 50 ölkə arasında 33-cü oldu.

İyulun 30-da Avropa Yeniyetmələrinin XIV Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirildi. Mərasimdə Avropa Olimpiya Komitəsinin bayrağı Azərbaycana təqdim edildi. Avropa Olimpiya Komitəsinin bayrağını Aleksandr Kozlovskidən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təhvil aldı.

 

 

Bakı-2019

 

2019-cu il iyulun 21-27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalına Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi etdi. Son illərdə bir çox beynəlxalq idman yarışlarının uğurlu təşkilatçısına çevrilən Azərbaycan bu mötəbər idman tədbirində də yüksək səviyyəli təşkilatçılıqla yadda qaldı. Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosiyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak etdilər.

Mərasimdə üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar Talıbov apardı.

“Zirvələrə hazırıq” devizi altında keçirilən Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam etdi. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü - idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarında 135 dəst medal uğrunda mübarizə apardı.

İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızlar oldu. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlandı. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürünc oldu.

Azərbaycan festivala 122 idmançı ilə təmsil olundu. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil etdilər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olundu. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşuldu. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edildi. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer aldı.

Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərdi.

Yüksək səviyyədə təşkil olunan festivalda 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi 48 ölkə arasında komanda hesabında dördüncü pillədə qərarlaşdı. Medallardan 16-sını güləşçilərimiz qazandılar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib oldular. Medalların sayına görə ikinci yerdə cüdoçularımız qərarlaşdılar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırdılar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib oldu.

Qızıl medalları komandamıza Fərid Sadıqlı, Qurban Qurbanov, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbəst güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qazandırdılar.

Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görüldü.

Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbəst güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə bürünc medala sahib çıxdı.

Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında yeddigünlük idman mübarizəsinin yekununda 38 ölkənin təmsilçiləri medal qazandılar.

 

 

 

 

Azər Əlizadə