Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub. 28 ölkədən 378 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha iki idmançısı yarımfinalda iştirak hüququ qazanıb. Sübhan Babayev (44 kq) Emanuel Çyoabadan (Rumıniya) sonra Sotne Muntçavadan (Gürcüstan) da güclü olub. S.Babayev bu görüşü vaxtından əvvəl hesabına yazıb.Boksçumuz ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Bununla özü üçün ən azı bürünc medalı təmin edən dəri əlcək sahibi yarımfinalda Georgi Ralfla (İngiltərə) üz-üzə gələcək.
Bağır Əlimxanlı (46 kq) Oskaras Pliauqanı (Litva) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda ukraynalı İlya Stariklə qarşılaşıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Bürünc medalı təmin edən Əlimxanlı yarımfinalda Mixael Xamesi (İngiltərə) sınağa çəkəcək.
Əli Məmişov (70 kq) isə adını finala yazdırıb. Orestas Staponkus (Litva) və Niko Qoretaya (Xorvatiya) qalib gələn idmançı yarımfinalda yunanıstanlı Nikalaos Bliatzeni də məğlub edib. Məmişov 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesablı qələbə sayəsində həlledici görüşə yüksəlib. O, çempionluq uğrunda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayacaq.
Kənan Aslanlı (60 kq) və İsmayıl Vəliyev (63 kq) isə medalın bir addımlığında büdrəyib.
Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (44 kq) də Avropa birinciliyinin yarımfinalında iştirak hüququ qazanıb. Qaliblər avqustun 20-də bəlli olacaq.
Boksçumuz Avropa birinciliyinin finalına vəiqə qazandı