Şərq adət-ənənəsi, mədəniyyəti, idmanı və digər cəhətləri ilə qərbdən seçilir. Düzdür, ilk Olimpiya oyunları qərbdə -Yunanıstanda təşkil olunub. Amma şərq xalqları da öz yenilikləri ilə fərqləniblər. Qədim mədəniyyəti ilə seçilən şərq xalqlarından biri də Hindistan xalqıdır. Qədim idman oyunları ilə məşhur olan Hindistanda ən maraqlı oyunlardan biri də pun adlandırılıb. Bu oyun bəşər tarixinə yeni idman növünün bəxş edilməsində, bir növ, baza rolunu oynayıb. Söhbət ingilislər tərəfindən punnun qaydaları əsasında yaradılan badmintondan gedir.
“Badminton-Haus» malikanəsindən bütün dünyaya
Hindistanda xidmət edən ingiltərəli zabitlərin pun adlı qədim oyunla maraqlanması yeni idman növünün yaranmasına gətirib çıxarıb. Müasir badmintonun prototipi sayılan pun İngiltərəyə gəldikdən sonra bu ölkədə rəğbətlə qarşılanıb. XIX əsrdə ingilislər bu növü daha da müasir formaya salaraq, öz əyalətlərinin birinin adına uyğun olaraq badminton adlandırıblar. Yeni idman növünün Avropaya gəlişi həm də onun qaydalarında dəyişikliklərə gətirib çıxarıb. Müasir badmintonun əsası "Badminton-Haus" malikanəsində qoyulub. Bu malikanənin sahibi bir neçə idman növləri ilə bağlı kitabların müəllifi Hersoq Boford olub. Badminton üzrə yarışların keçirilməsi üçün ilk meydançalar da məhz İngiltərədə yaradılıb. Bu, 1873-cü ilə təsadüf edib. 20 il sonra isə badmintonun ilk qaydaları nəşr olunub. İlk rəsim qaydalar isə 1887-ci ildə yaradılıb. Avropada yayılan badminton qısa zaman kəsiyində bütün dünyanın sevimli idman növünə çevrilib və 1934-cü ildə Dünya Badminton Federasiyası təşkil edilib. Kişilər arasında ilk beynəlxaq turnirin keçirilmsəi isə 1947-ci ilə təsadüf edir. "Tomas" adlanan bu turnirin yaradılmasından 8 il sonra qadınlar "Uber" adlı beynəlxaq turnirdə qüvvələrini sınamağa başlayıblar. Avropa Badminton İttifaqının təsisindən isə 42 il ötür. Belə ki, Avropa Badminton İttifaqı 1967-ci ildə təsis edilib və bundan ik il sonra bu qurumun təşkilatçılığı ilə badminton üzrə Avropa çempionatı təşkil edilib. Badminton üzrə ilk dünya çempionatı isə 1977-ci ildə İsveçrədə keçirilib.
İlk sınaqdan 20 il sonra Olimpia oyunlarında
İlk dəfə 1972-ci ildə Münhen Yay Olimpiya Oyunlarında nümayiş etdirilən badminton 1992-ci ildə Barselona Olimpiya Oyunlarının da siyahısına daxil edilib. Bəzən badmintonu tennislə səhv salırlar. Badmintonun mövcud qaydalarının tennisə bənzəməsi buna səbəb olur. Bütün oxşarlıqlarına baxmayaraq, bu iki növün fərqli cəhətləri də kifayət qədərdir. Bu, oyunların keçirilməsinə sərf olunan vaxtdan və tələb etdikləri çevikliklərdən aydın görünür. Belə ki, tennisdə oyun 3 saat 18 dəqiqə davam etdiyi halda, badmintonda bu müddət 1 saat 16 dəqiqəyə bərabərdir. Uzun müddət eyni qaydalar əsasında keçirilən badminton yarışlarında qaydalar dəyişilməyə başladı. 2006-cı ildə irəli sürülən yeni qaydalar badmintona yeni nəfəs gətirdi. Yeni qaydalara əsasən, oyun ərzində idmançılar, ən azı, 21 xal qazanmalıdırlar. Bu xalı qazanan idmançı yarışın qalibi elan olunur. Qarşılaşmanın hesabı 20:20 olarsa, bu zaman oyun rəqiblərdən biri digərindən 2 xal üstün olana qədər davam etdirilir. Əgər oyun 30 xala qədər davam edərsə, bu zaman 30 xalı birinci əldə edən idmançı qalib sayılır.
Başlanğıc üçün 5-15 ABŞ ollar da kifayətdir
Badminton yarandığı ilk vaxtlarda onun raketi, adətən, ağacdan hazırlanırdı. Elmi-texniki tərəqqi badmintondan da yan keçmədi. Belə ki, raketlər daha da müasirləşdi. Müasir raketlər, əsasən, alüminium, polad və titandan hazırlanır. Bu materiallardan istifadədən sonra volana (badminton topu) vurulan zərbə daha da sürətlənib. Bir raketin çəkisi 70-100 q arasında olur. Raketlərin bu göstəriciləri onun qiymətlərinə də təsir edir. Peşəkarların istifadə etdiyi raketin qiyməti 500 dollara qədər olduğu halda, həvəskarlar üçün nəzərdə tutulmuş raketlərin qiyməti təxminən 5 dollara bərabərdir. Yəni badmintonda ilk addımını atan idmançının 500 dollar xərcləməsinə ehtiyac yoxdur. Bunun üçün qiyməti təxminən 5-15 ABŞ ollar olan raketlərin də kifayət edər. Raketləri hazırlayarkən karbon və qrafitdən də istifadə olunur. 100% qrafitdən hazırlanmış raketdən istifadə edəcək badmintonçunun, sadəcə, bəxti gətirmiş olar. Bu isə mümkün ola biləcək şey deyil. Dünyanın ən yaxşı badminton raketləri “Yonex”, “Carlton”, “Prince”, “Wilson” və s. idman aksesuarları istehsal edən şirkətlər tərəfindən hazırlanır. Olimpiya və qitə miqyaslı yarışlarda tanınmış atletlərin əllərində bu firmaların məhsullarına rast gəlmək olar.
Volan və qazın 16 lələyi
Badminton oyunlarında idmançının istifadə etdiyi digər vasitə isə volandır. İki cür volan var. Onlardan biri plastik, digəri isə əsil lələkdən hazırlanır. Plastik volandan, əsasən, həvəskarların yarışında və məşq prosesində istifadə edilir. Plasitk volan heç vaxt zədələnmir və daim istifadə olunur. Onun uçuşu lələkdən olan volandan xeyli fərqlənir. Bu növ üzrə keçirilən mühüm yarışlarda idmançılar lələkdən hazırlanmış volandan istifadə edirlər. Lələk volan qazın (quşun) 16 tükündən hazırlanır. O, çox incə olsa da, uzun, ömürlü olmur. Belə volanın çəkisi isə təqribən 5 qram təşkil edir. Hər bir volan xüsusi yoxlanılır və onun dəqiqədə nə qədər məsafə qət etdiyi hesablanır. Bərpa olunmuş volanlar isə əvvəlki kimi effektli olmur. Bir peşəkar idmançı matç ərzində təxminən iki-üç volandan istifadə edir. Volanın zədələnməsinə əsas səbəb metal raketdən istifadə olunmasıdır. Belə ki, raket vasitəsilə vurulan güclü zərbələr onun zədələnməsinə gətirib çıxarır.
Asiyalılar yarışların lideridirlər
Müasir dövrdə Asiya idmançıları bu idman növündə liderlik edirlər. Onlar dünya çempionatlarında və birinciliklərində nəzərdə tutulan medalların, demək olar ki, 90 faizinə yiyələnirlər. Avropada da güclü badminton komandaları mövcuddur. Danimarka, İngiltərə, Almaniya, Hollandiya və başqa ölkələrin badmintonçuları asiyalılar üçün ən çətin rəqiblərdən hesab olunurlar. Yeniyetmələrin Avropa yarışlarında mükafat qazanan elə komandalar vardır ki, onlar dünya miqyaslı yarışlarda lazımi nəticə əldə edə bilmirlər.
Ürəyin döyüntüsünü artırsa da, çəkini azaldır
Badminton barəsində bunları da demək olar. Bu idman növü çox çətin fiziki gərginlik tələb edir. Bundan başqa, o, yüksək texniki göstəricilərin toplaşdığı bir idman növüdür. Bütün bu texniki göstəricilərə malik olmaq üçün gənc badmintonçu, ən azı, 10 il mütəmadi məşq etməlidir. Həkimlərin yoxlamalarına görə, bir badmintonçunun ürəyi oyun zamanı dəqiqədə 135-180 dəfə döyünür. Yüksək səviyyəli idmançıda isə ürək döyünmələrinin sayı hətta 200-ə qədər arta bilir. Maraqlıdır ki, artıq çəki problemi ilə qarşılaşan hər bir insan badminton oynamaqla bu çəkidən yaxa qurtara bilər. Hesablamalar göstərir ki, peşəkar bir badimintonçunun zərbə ilə vurduğu volan saatda 360 km məsafə qət edir. Bu, rekord göstəricidir. Oyun zamanı badmintonçular 10 km-ə qədər məsafəni qaçmalı olurlar ki, bu da idmançının xeyli çəki itirməsi ilə nəticələnir.
Badminton yarışlarında nə idmançı, nə də onu kənardan seyr edən azarkeş darıxmır. Mübarizə o qədər gərgin və maraqlı olur ki, volanın yerə düşməyi belə diqqəti çəkmir.
Ölkəmizdə badmintonu XX əsrdən oynayırlar
Ölkəmizdə badmintonun idman növü kimi yayılması XX əsrdə baş verib. Respublikamızda, xüsusən də Bakıda 50-ci illərdə müxtəlif təşkilat və idarələrdə işləyənlər bu növlə məşğul olublar. Badmintona yaranan diqqət və qayğı isə 1962-ci ildə Azərbaycan Badminton Federasiyasının yaradılması ilə nəticələnib. Keçmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun (indiki ADBTİA) müəllimi Nazim Əliyev federasiyanın ilk rəhbəri olub. Bundan sonra paytaxtda fəaliyyət göstərən bir sıra idman cəmiyyətlərində badminton bölmələri təşkil edilib. Badminton idman növünün yayılması bölgələrə də sirayət edib. Federasiyanın gördüyü məqsədyönlü işlər nəticəsində Şəki, Zaqatala, İsmayıllı və Sumqayıt klublarında da badminton üzrə bölmələr yaradılıb. Bundan sonra respublikamızda güclü badmintoçular yetişməyə başlayıb. İdmançılarımız 60-cı illərdən SSRİ çempionatlarına qatılaraq, nəticələri ilə yadda qalıblar. Təmsilçilərimiz Ukraynanın paytaxtı Kiyevdə gənclərin I Ümumittifaq İdman Oyunlarında (1968-ci ildə) bürünc medal əldə ediblər. Həmyerlilərimiz qadınların qoşa və qarışıq yarışlarında da eyni uğuru təkrarlayıblar. Bununla yanaşı, həm də badmintonçularımız 1969-cu ildə təşkil edilən SSRİ birinciliyində 3 qızıl medala sahib çıxıblar. Sonrakı ildə keçirilən analoji yarışlarda isə idmançılarımız 1 gümüş medalla kifayətləniblər. 1971-ci ildə də SSRİ birinciliyinə qatılan yığmamız bu dəfə 1 gümüş, 1 bürünc medal əldə edib. 1980-ci ildən badmintonun durğunluq dövrü başlayıb. Respublikamız müstəqilliyinə qovuşduqdan sonra digər idman növləri kimi, badmintonda da inkişaf hiss olunmağa başladı. Bunun nəticəsində 1996-cı ildə Azərbaycan Badminton Federasiyasının (ABF) fəaliyyəti bərpa edildi. Bir il sonra ABF Beynəlxalq Badminton Federasiyası tərəfindən tanındı və Avropa Badminton İttifaqının sıralarına qəbul olundu. Bu il Azərbaycanda badmintonun yaranmasının 60 illik yubileyi qeyd olunacaq. Bu illər ərzində ölkəmizdə badmintonun inkişafı üçün mühüm addımlar atılıb. Təsadüfi deyil ki, bu idman növü 2015-ci ildə Azərbaycan idmanının təntənəsi olan I Avropa Oyunlarının proqramına daxil edildi. Hazırda bu idman növünün inkişafı üçün birincilik və çempionatlar keçirilir, idmançılarımızın beynəlxalq arenalarda iştirakı təmin olunur. Bununla yanaşı uğurların davamlı olması üçün bölgələrdə də yeni bölmələr yaradılır, uşaq və gənclərin bu idman növünə cəlb olunması üçün mühüm addımlar atılır. Ümid edirik ki, badmintonun inkişafına xidmət edən bu addımlar tezliklə öz bəhrəsini verəcək və belə gənclərin arasından nailiyyətli idmançılar çıxacaq.
Azər Əlizadə