Siqaret çəkməyin ziyanı ümumilikdə cəmiyyətin problemidir

Siqaret çəkməyin ziyanı ümumilikdə cəmiyyətin problemidir

Hər çəkilən siqaret ömrü 12 dəqiqə qısaldır

Siqaretin mənfi fəsadlarından çox deyilib, çox yazılıb. Bu, ümumbəşəri problemdir. Siqaret təkcə adi insanlar üçün deyil, həm də idmançılar üçün də arzu olunmaz, təhlükəli amildir. Sirr deyil ki, bəzi idmançılar da siqaretə aludə olurlar. Məşq prosesindən kənarda onlar siqaret çəkməyə meyl edirlər. Müşahidələr göstərmişdir ki, hətta ən məşhur idmançılar da bəzən bu mənfi vərdişə aludə olurlar. Düzdür, anadangəlmə fitri istedada malik atletlər ilkin mərhələdə bunun mənfi nəticəsini hiss etmirlər. Onlar öz idman növlərində rəqiblərinə asanlıqla qalib gəlməyi bacarırlar. Amma bu qələbələr uzun müddət davam edə bilməz. Çünki nikotin getdikcə öz acı təsirini göstərir. Qalib idmançı bir də onda başa düşür ki, o, səhv yoldaldır. Atalar demişkən: "Sonrakı peşmançılıq fayda verməz". Ona gərə də hər bir şəxs öz sağlamlığının qayğısına qalmalıdır. Nahaq yerə demirlər ki, hər kəs özünün həkimi olmalıdır. Unudulmaz şairimiz Osman Sarıvəlli demişkən: "...Hər kəs yüz il yaşamasa, günah onun özündədir".

 

Hazırda dünyada və cəmiyyətdə gedən qloballaşma dövründə insanları mənfi ünsürlərdən, o cümlədən narkotika və spirtli içkilərdən uzaqlaşdırmaq ən mühüm və ən aktual məsələdir. Xüsusilə yeniyetmə və gənclər arasında bu işin sürətləndirilməsi üçün maarifləndirmə işləri aparılmalıdır. Evdə valideynlər, məktəbdə müəllimlər, idman bölmələrində isə məşqçilər bu yöndə böyük məsuliyyət daşıyırlar. Çünki hamımızın borcu gələcək üçün sağlam, fiziki cəhətdən güclü və möhkəm nəsil yetşdirməkdir. Bu isə müharibə şəraitində olan müstəqil Azərbaycanımız üçün çox mühüm və təxirəsalınmaz məsələdir. Bu mühüm məsələ ilə bağlı bəzi məqamlar barədə hazırladığım məqaləni "Olimpiya dünyası" qəzetinin çoxsaylı oxucularına təqdim etməyi özümə borc bildim.

Tütün məmulatlarının istifadəsi xəstəliklərin və ölümün əsas səbəblərindən biridir. Siqaret çəkmə nəticəsində yaranan və inkişaf edən xəstəliklərə müxtəlif lokalizasiyalı bədxassəli şişlər, işemik ürək xəstəliyi, aortanın anevrizmi, periferik damar xəstəlikləri, hipertoniya xəstəlikləri, ateroskleroz beyin damarlarının trombozu və spesifik olmayan xroniki ciyər xəstəlikləri daxildir. Tütün tüstüsünün tərkibində 3000-ə yaxın kimyəvi birləşmələr, ağ duz metalları olan kalium, qurğuşun, civə, nikel, stronsium və xrom qatların buxarları, ammonyak, azot, sirkə, silisium turşuları, formaldeqid, mışyak, eyni zamanda dəm qazı (karbon oksidi), nikotin və digər komponentlər vardır. Tütün tüstüsündəki nikotin xərçəng xəstəliyini inkişaf etdirir, DNK hüceyrələrinin mutasiyasına (dəyişməsinə) səbəb olur. Nikotin, eyni zamanda, güclü asetilholin aktivator reseptor olaraq, xərçəng hüceyrələrinin inkişafını və artımını sürətləndirə bilər. 2 əsas komponenti - nikotini və dəm qazını özündə birləşdirən tütün ürək-damar sisteminə mənfi təsir göstərir. Böyrəküstü vəzilərin N xolinoreaktiv quruluşunu stimullaşdıran nikotin taxikardiyaya (sürətli ürək döyüntüləri) gətirib çıxaran katexolamin sekresiyasını böyüdür, qan təzyiqini qaldırır, oksigendə miokard ehtiyacını artırır, trombositlərin aqreqasion və adqezin qabiliyyətlərini yüksəldir. Siqaret çəkənlərin qanında yüksək dərəcəli xolestirin, triqliserid və ototgen tipoprotidlər aşkar edir.

Son tədqiqatlar müəyyən etmişdir ki, bu vərdiş erkən qocalmaya gətirib çıxaran bir çox xəstəliklərə səbəb olmuşdur. Əgər insan 15 yaşında siqaret çəkməyə başlayıbsa, onun ömrü 8 ildən çox azalır. 15 yaşa qədər çəkənlər isə 25 yaşından sonra çəkənlərə nisbətən xərçəng xəsəliyindən 3 dəfə artıq ölürlər. Alman alimləri təyin etmişlər ki, hər çəkilən siqaret ömrü 12 dəqiqə qısaldır.

Siqaret çəkmə-ictimai problemdir. Hal-hazırda bir çox ölkələrdə ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunlar çıxarılır. İctimai yerlərdə siqaret çəkməklə atmosferə tüstü buraxmaq ətrafdakıları riskə dücar etməkdir. Siqaret tüstüsü atmosferdən toksik (zəhərli) maddələri qeyri-ixtiyari udan, həm siqaret çəkənlər, həm də çəkməyənlər üçün gec təsir edən zəhərdir. Bəzən uşaqların yanında siqaret çəkirlər. Bu insanlar anlamırlar ki, "qayğıkeş valideyn" olaraq, öz uşaqlarında ürək xəstəlikləri riskini dəfələrlə artırırlar. Hamilə qadınların qəbul etdiyi tüstü bətnində olan körpəsinə də təsir edə bilər. Bədəndə elə bir orqan yoxdur ki, siqaret çəkmə ona məhvedici təsir göstərməsin. Statistika göstərmişdir ki, siqaret çəkənlərdə çəkməyənlərə nisbətən mədəaltı yara və 12 barmaq bağırsaq xəstəlikləri 2 dəfə yüksəkdir. Siqaret az müddət də olsa, aclıq hissini öldürür, bu da öz növbəsində mədə-bağırsaq xəstəliklərinin inkişaf etməsinə imkan yaradır.

Siz siqaret çəkənlərin uşaqlarını heç fikir vermisinizmi? Onların fiziki qüsurları nəzər-diqqəti özünə tez cəlb edir. Onlar öz həmyaşıdlarından qısa boyları, az çəkiləri, solğun rəngləri və gözlərinin ətrafında olan qara dairəcikləri, eyni zamanda, distrofiyası ilə seçilirlər.

Siqaret çəkmə nəinki pis vərdişdir, o, eyni zamanda müəyyən narkotik asılılıq forması (nikotinizm) da deməkdir. Siqaretə alışan adam yeni psixoloji duruma düşür- siqaretin olmaması onu rahatlıq tapmağa qoymur.

Hal-hazırda elə bir tütün kompaniyası yoxdur ki, istehsal edilən siqaretlərdən yaranan ziyanın azaldılması barədə düşünməsin. İstehsalçılar adi siqaretdə olan zəhərli kimyəvi elementlərin səviyyəsinin minimuma endirilməsi üçün bütün mümkün olan vasitələrdən istifadə etməyə çalışırlar.

"Yüngül" və "ultrayüngül" siqaret termini nə deməkdir? Həqiqətənmi "yüngül" siqaret növləri az ziyanlıdır, yoxsa, bu yalnız onun dadını və ətrini nümayiş etdirmək üsuludur?

Baxmayaraq ki, "yüngül" və "ultrayüngül" siqaretlərdə qatranın (1 mqa qədər) və nikotinin (0,1 mqa qədər) miqdarı azaldılmışdır, bu siqaretlərdən istifadə edənlər adi siqaret çəkənlər kimi eyni zəhərli maddələri orqanizmlərinə qəbul edirlər.

Lakin bu hələ son deyil. Mütəxəssislərin fikrincə, "yüngül" siqaretlər daha çox ziyan gətirə bilər, nəinki ənənəvi siqaretlər. Belə bir faktı diqqətə çatdırmaq istərdik ki, bir çoxları "yüngül" siqaretə keçəndən sonra gün ərzində daha çox siqaret çəkirlər. Belə ki, sərf edilən zəhərli maddələrin dozası qalır. Yüngül" siqaret çəkənlərdə yaranan xəstəliklərin asanlıqla sağalması kimi irəli sürülən fərziyyəyə aldanmamalıyıq. Əbəs yerə demirlər ki, siqaret çəkmək pis vərdişdir. Pis vərdiş isə sağlamlığa ciddi ziyan vurmaq deməkdir.

Nikotin asılılığından yalnız o zaman qurtulmaq olar ki, siqaret çəkən özü siqaretdən imtina etməyə qərar versin. Bu istəyi möhkəmləndirmək üçün, demək lazımdır ki, siqareti atandan bir ay sonra onun nəfəsalması xeyli yüngülləşəcək, rahat yuxuya gedəcək, iş qabiliyyətini və ümumi tonusu əhəmiyyətli dərəcədə yüksələcək. 3-6 aydan sonra ciyərlər tütünün zəhərli maddələrindən təmizlənəcək (qatran,tütün tüstüsü və s.).

Hal-hazırda müasir problem və çətinliklər şəraitində insanın sağlamlığını qoruyub saxlamaq üçün pulsuz, icrası hər yerdə mümkün və heç bir əlavə zərərverici təsirə malik olmayan, ciddi xəstəlikləri olan insanlardan başqa hamının məşğul ola biləcəyi ən münasib üsul Aytogen təlimdən ibarətdir.

Aytogen təlim - özünü tərbiyə etmək məktəbidir (yunanca aytos-özü; genos-öz-özünə, müstəqil inkişaf edən deməkdir).Aytogen təlim vasitəsi ilə bəzi adamlar ilk növbədə zərərli adətlərdən - siqaret çəkmədən azad olmalıdırlar.

Nikotinin xronik zəhərlənməsindən aşağıdakı formaların köməyi ilə xilas olmaq mümkündür:

"Ətrafımda siqaret çəkirlər, mənim üçün heç bir fərqi yoxdur".

"Mən siqaret çəkməyə laqeyidəm".

"Siqaret çəkməyi atdım - ürəyim sağlamdır".

"Siqaret çəkməyə həmişə etiraz edə bilərəm".

"Hər halda siqaret çəkmək mənim üçün iyrəncdir".

Siqaret çəkən insanlarda birinci növbədə daxili orqanlar əziyyət çəkir: Xərçəngin ağırlaşdırıcı fəsadlarının 98%-i, xərçəngin yüngül fəsadlarının 96%-i, xroniki bronxitlə bağlı ölümün isə 76%-i məhz nikotinlə bağlıdır.

Tütünün tüstüsü 4 min kimyəvi birləşmə əmələ gətirir. Bunlardan 40-dan çoxu xərçəngə meyl edir, həmçinin yüzlərlə zəhərli element yaradır. Buraya nikotin, sianit, formaldegit, sinil turşusu və s. daxildir.