Atlanta-1996 Olimpiadasının sərbəst güləş üzrə çempionu, Barselona-1992-nin bürünc mükafatçısı bolqarıstanlı Valentin Jordanov Olimpiya oyunlarında qazandığı qızıl medaldan imtina edib. O, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqa məktub ünvanlayıb. Jordanov güləş idman növünün Olimpiya oyunlarının proqramından çıxarılmasına etiraz edərək belə bir addım atıb. "Güləş bir çox ölkələrdə böyük populyarlıq qazanıb. Bu növ qədim Olimpiya oyunlarının proqramında olub. BOK-un bu qərarı dünyanın əksər ölkələrini heyrətləndirib", - deyə bildrib. Məlumat üçün bildirək ki, Valentin Jordanov Bolqarıstan Güləş Federasiyasının prezidentidir. O, dünya çempionatlarında 7 dəfə qızıl medal qazanıb. Avropa birinciliklərində isə bu idmançı 8 dəfə fəxri kürsünün birinci pilləsinə qalxıb.