O, futbolun Çarli Çaplini idi - II hissə

O, futbolun Çarli Çaplini idi - II hissə

Yazının əvvəlini buradan oxuya bilərsiniz: https://www.olimpnews.az/post/22288/o-futbolun-carli-caplini-idi-2022-11-25-170840

“Biabırçı məğlubiyyətdən yaxa qurtardığımız üçün Qarrinçaya borcluyuq"
 

SSRİ yığmasının həmin qarşılaşmada iştirak edən Viktor Çaryov öz xatirələrində yazır: "Braziliya millisinin məşqlərinə baxmaq mümkün olmurdu. Sanki onlar oyun sirlərini heç kimlə bölüşmək istəmirdilər. Braziliyalılarla "topsuz" görüşlərimiz daha çox olurdu. Bir-birimizə qonaq gedir, bilyard oynayır, futbolla bağlı müzakirələr aparırdıq. "Sambaçılar" ciddi rəqib, mahir futbolçu olduqları qədər də, səmimi, gülərüz və mehriban gənclər idilər. Onların tanınmış qapıçıları Jilmarla, sözün əsil mənasında, dostlaşdıq. Etiraf edim ki, braziliyalı oyunçuların adlarını eşitsəm də, onları sifətdən tanımırdım. Ancaq oyunun elə ilk dəqiqələrində "kimin kim olduğunu" aydınlaşdırdım. Oyunun əvvəlində başa düşdük ki, braziliyalıların ustalığı barədə deyilənlər həqiqət imiş. Matç yenicə başlamışdı ki, Qarrinça ağılasığmaz aldadıcı fəndlə Kuznetsovu yerə sərdi. Braziliyalı meydançanın yan xətti ilə sürətlə irəliləyərək güclü zərbə vurdu. Top qapı dirəyinə dəydi və mərkəz dairəsinə qədər uçdu. Qəribə də olsa, bir neçə saniyədən sonra eyni vəziyyət təkrarlandı: Qarrinçanın sürətli hücumu, yerə sərilən Kuznetsov, qapı dirəyinə dəyən və meydanın mərkəzinə düşən top. Rəqibin güclü hücumu qarşısında heç nə edə bilmirdik. Kuznetsov sağ cinahda Qarrinçaya, Krijevski sol cinahda Vavaya məğlub olurdu. İqor Netto isə mərkəzdə Didi ilə bacara bilmirdi. Qapımıza hər iki qol Qarrinçanın ötürməsindən sonra vuruldu. Həmin qarşılaşmada qapımızda iki qol gördük. Bu, məntiqi nəticə idi. Məncə, "sambaçılar" daha çox qol vura bilərdilər. Biabırçı məğlubiyyətdən yaxa qurtardığımız üçün Qarrinçaya borcluyuq. Gözəl driblinq ustasının dirəyə vurduğu 3 top qapıya da girə bilərdi. Mən sovet yığmasının məşqçisi olsaydım, müdafiəçilərimizə "əla" qiymət verərdim. Çünki onlar əllərindən gələni etdilər. Sadəcə, "sambaçılar"la bacarmaq mümkün deyildi. Boris Kuznetsov təcrübəli və təmkinli müdafiəçi kimi ad çıxarmışdı. Onun yerinə başqa adam olsaydı, bəlkə də, Qarrinçaya qarşı kobudluq edərdi. Ancaq Boris məsuliyyətini başa düşür, brazilyialı hücumçuya qarşı təmiz idman mübarizəsi aparırdı".

 

Futbol tarixinin fantastik 3 dəqiqəsi

Qeyd edək ki, İsveçdə keçirilən dünya çempionatında "sambaçılar"ın ilk iki oyununda Qarrinça ehtiyat oyunçular skamyasında oturmalı olmuşdu. Yığmanın baş məşqçisi Visente Fiola onu oyuna buraxmaq istəmirdi. Komanda oyununa üstünlük verən baş məşqçi Qarrinçanın fərdi oyuna daha çox aludə olmasını sevmirdi. "Xalqın sevimlisi"ni sovet yığması ilə oyuna buraxdırmaq üçün Braziliya yığmasında əməlli-başlı yığıncaq təşkil edilib. Komandanın aparıcı oyunçuları Nilton Santos, Vava və Didi təkidlə tələb edirdirələr ki, Qarrinça sovet yığması ilə oyuna buraxılsın. Fiola veteranlara üstünlük vermək istəyirdi. Ciddi müzakirələrdən sonra baş məşqçini razı salmaq mümkün olub. Nəhayət, Fiola Qarrinçanı SSRİ yığmasına qarşı keçirilən oyun buraxıb. Nəticədə, iki qara dərili futbolçu - Pele və Qarrinça sovet yığmasına qarşı oyunda öz məharətlərini göstərirlər. Braziyliya yığması 1958-ci ildə keçirilən dünya çempionatının qalibi adına layiq görülür. Pele və Qarrinça isə dünya çempionatının ən yaxşı oyunçuları olurlar. 
SSRİ-Braziylia yığmalarının oyununun 83-cü dəqiqəsində baş verənlər indi də xatırlanır. "Sambaçılar"ın topu bir-birinə ötürməklə 3 dəqiqə ərzində nəzarətdə saxlamaları virtuoz nömrə idi. Bu, braziliyalıların o dövrdə dünyanın ən güclüsü olduğunu bir daha sübut edirdi.

 

“Necə istəyirsən, elə də oyna"
 

Sovet yığması ilə qarşılaşma barədə çox yazılıb. Bu oyun tanınmış mütəxəssislər tərəfindən dəfələrlə müzakirə edilib. Hər dəfə də, Qarrinçanın bu matçdakı çıxışı yüksək qiymətləndirilib. Gənc braziliyalının yüksək texnikası, aldadıcı fəndələri mütəxəssislərdə ona qarşı ehtiram hissi oyadırdı. Təkcə Braziylia yığmasının baş məşqçi Visente Fiola Qarrinçanın "marafon" driblinqlərini ürək ağrısı ilə seyr edirdi. Qarrinçaya nəsə demək, onu yolundan döndərmək isə mümkün deyildi. Belə dəmək mümkünsə, o, heç kimdən "dərs almaq" istəmirdi. Qarrinçanı olduğu kimi qəbul etməkdən başqa əlac yox idi. "Botafoqo"da bunu tez başa düşdülər və Qarrinçaya "necə istəyirsən, elə də oyna", - dedilər. Braziliya yığmasının baş məşqçisi isə "xalqın sevimlisi"nin fərdi oyunundan xoşlanmır və əsəbləşirdi. 

 

Qarrinçanın “sirk nömrəsi", axır ki, Fiolanı da razı salıb
 

DÇ-62 ərəfəsində Braziliya yığması İtaliyanın "Fiorentina" klubu ilə yoldaşlıq görüşü keçirirdi. Deyilənlərə görə, bu oyunda Qarrinçanın hərəkətlərinə, azarkeşlərin və futbolçuların "ağzı açıq qalıb". Qarrinça "Fiorentina"nın meydanda olan 10 oyunçusunu və qapıçını ustalıqla aldadaraq topu qapı xəttinin üstündə saxlayıb. O, üstünə qaçan italiyalı müdafiəçini yenidən aldatmaq və bundan sonra topu qapıya vurmaq istəyib. Qarrinçanın hərəkətlərindən başı gicələnən müdafiəçi özünü elə itirib ki, qapı diəryinə dəyib. Bu "sirk nömrəsi"nə nəinki tamaşaçılar, hətta "Fiorentina"nın oyunçuları da gülüblər. Bu epizoddan sonra "sambaçılar"ın baş məşqçisi Fiola da gülərək başını bulayıb.  

 

“Kral"sız da çempion olmaq olar
 

Dörd ildən sonra-1962-ci ildə təşkil edilən dünya çempionatında da Qarrinça komandasının liderinə çevrilir. Pele zədəli olduğundan bu çempionatda yüksək səviyəli oyun göstərə bilmədi. Mütəxəssislərə elə gəlirdi ki, "sambaçılar" Pelesiz bir iş görə bilməyəcəklər. Ancaq Qarrinça ecazkar oyunu ilə sübut etdi ki, o, əsil lider olmağa layiqdir. Braziliya millisi çempionatın final oyununda güclü Çexoslovakiya (indiki Çexiya) yığmasını 4:1 hesabı ilə məğlub etdi və ikinci dəfə dünyanın ən güclüsü olduğunu göstərdi. Fantastik oyun nümayiş etdirən Qarrinça bu qələbədə mühüm rol oynadı.
Təəssüf ki, Qarrinçanın əməyinə yüksək qiymət verilmir, bacarığına görə pul mükafatı almırdı. Əslində, dahi futbolçu o qədərdə çox məvacib tələb etmirdi. Qarrinçanın sadəlövhlüyündən yararlanan komanda rəhbərliyi onun ailəsinə ucuz hədiyyələr alır, güya ki, futbolçunun "qayğısına" qalırdılar. Mövsümün əvvəlində bağlanılan müqavilə sənədlərində hansı məbləğ göstərilirdisə, Qarrinçanı qane edirdi. 

 

Dəyişən qaydalar və normallaşan həyat
 

O, 1963-cü ildə "ənənəvi" qaydanı dəyişdirdi. Braziliyanın "Plakar" qəzeti bu məsələ ilə bağlı yazırdı: "İkiqat dünya çempionu Qarrinça ikinci arvadı Elza Suaresin məsləhəti ilə "Botafoqo"dan yüksək məbləğ tələb edib. Əvvəllər o, heç nəyə fikir vermədən müqavilə sənədlərini imzalayırdı. "Botafoqo" rəhbərliyi Qarrinçanın haqlı tələbi qarşısında geri çəkilməyə məcbur olub". Braziliyanın məşhur bankiri Soze Maqalyaesa Linsa Qarrinçaya tələb etdiyi məbləğin ödənilməsinə vasitəçilik edir. Məhz bu müqavilədən sonra futbolçunun maddi vəziyyəti normallaşır. 

 

“Günah qapıçıdadır. O, ayaqlarını aralı qoymaq istəmirdi"
 

Qarrinça sadəlövh, uşaq təbiətli idi. Heç vaxt hirslənməz, kiminsə qəlbinə dəyməzdi. Bəzən isə etdiyi hərəkətlərlə hamını təəccübləndirərdi. Kosta-Rika və Braziliya komandaları arasında keçirilən yoldaşlıq oyununu xatırlamaq kifayətdir ki, Qarrinçanın qəribə xüsusiyyətə malik olduğunu biləsən. Həmin oyunun başa çatmasına 5 dəqiqə qalanda hesab 1:1 idi. Topu mərkəz xəttindən ələ keçirən Qarrinçanın etdiyi hərəkəti futbol tarixində heç bir futbolçu təkrar etməyib. Kosta-Rikanın bütün futbolçularını aldadan Qarrinça qapıçı ilə təkbətək çıxsa da, topu qapıdan keçirməyib. O, topla geri qayıdaraq yenidən rəqib müdafiəçilərini aldadıb, ancaq qol vurmayıb. Yığmanın baş məşqçisi, oyunçular bir ağızdan "vur, vur" deyə çığırsalar da, dahi futbolçu eyni hərəkətləri 4 dəfə təkrarladıqdan sonra topu qapıçının ayaqları arasından qapıya vurur. Oyundan sonra ondan "topu niyə dərhal qapıya vurmadın",  deyə soruşduqda, Qarrinça uşaqlara xas cavab verir: "Günah qapıçıdadır. O, ayaqlarını aralı qoymaq istəmirdi". Sən demə, driblinqlər ustasının məqsədi topu qapıçının ayaqları arasından keçirmək imiş.

 

“Əlvida, Botafoqo"
 

Çilidə keçirilən düyna çempionatından sonra Qarrinça "Botafoqo"nun heyətində Avropa turuna çıxmalı idi. Həkimlər dizindən ciddi zədə alan "sambaçı"nı Avropaya buraxmaq istəmirdilər. Komandanın rəhbərliyi isə hücumçunun qarşısında belə bir şərt qoyur: ya Avropa turunda iştirak etməlisən, ya da komandadan getməlisən. Qarrinça birinci yolu seçir. Ancaq Avropada keçirdiyi oyunlardan sonra Qarrinça möhkəm xəstələnir və 6 ay futboldan kənarda qalır. "Botafoqo"nun rəhbərliyi ilə münasibətləri kəskin şəkildə pisləşən hücumçu komandadan gedir. Braziliyanın müxtəlif klublarında çıxış edən Qarrinçanı, nəhayət, güclü "Flaminqo"ya dəvət edirlər. Bu komandanın heyətində meydana çıxdığı ilk oyunda istedadlı futbolçunu 100 min azarkeş ayaqüstə alqışlayır. Təssüf ki, Qarrinça əvvəlki formada oyun nümayiş etdirə bilmir və tezliklə "Flaminqo"dan ayrılır. Bir müddət əyalət komandalarından birində məşqçi kimi işləyir. Burada da duruş gətirə bilmir. Dahi futbolçu məşqçilik etməyi bacarmırdı. Braziliyalı uşaqlar Qarrinçanın "hiyləgər" fəndlərini heç cür öyrənə bilmir. Qarrinça özü isə gənc futbolçulara komanda oyununu başa salmağı bacarmırdı. Çünki "futbolun Çarli Çaplini" futbol karyerasında yalnız fərdi oyunu üstün tuturdu.   

 

“Marakana" sevimli futbolçusunu göz yaşı və alqışlarla yola saldı
 

Əvəzsiz futbol ulduzunun vida matçı 1973-cü ilin dekabrın 19-da məşhur "Marakana" stadionunda oldu. Ağzına qədər dolan "Marakana" sevimli futbolçusunu göz yaşı və alqışlarla yola saldı. Karyerasını başa çatdıran əvəzsiz futbolçu, təəssüf ki, ömrünün qalan 10 ilini səfalət içində yaşadı. Qara ciyər serrozu onun ömrünə son qoydu. 
1983-cü ilin yanvarında on minlərlə braziliyalı "xalqın sevimlisi"nə görə yenidən "Marakana"ya toplaşmışdı: onlar bu dəfə "futbolun Çarli Çaplini"ni son mənzilə yola salırdılar. Braziliya xalqı Manuel Fransisko Duş Santuşu - Qarrinçanı unutmur və heç vaxt unutmayacaq. Yüksək texnikası, təkrarolunmaz driblinqləri ilə hamını heyran qoyan Qarrinçanın məzar daşında yazılıb: "Burada xalqın sevimlisi - Mane Qarrinça uyuyur". Bu sözlər Braziliyanın Qarrinçaya olan sevgisini əks etdirir. Əfsanəvi futbolçunun ilk komandası olan "Botafoqo"nun muzeyində onun büstü qoyulub. Braziliya paytaxtının ən iri stadionlarından biri - "Estadio Mane Qarrinça" məşhur "sambaçı"nın adını daşıyır.

Hazırladı: Anar Əhmədov