Bakı ilk Avropa Oyunlarına qalan 600 günü qeyd edib

Bakı ilk Avropa Oyunlarına qalan 600 günü qeyd edib


Oktyabrın 20-də Azərbaycanın paytaxtı Bakı Avropa Oyunlarının 2015-ci il iyunun 12 -də Bakıda keçiriləcək açılış mərasiminə qalan 600 günü qeyd edərək ilk vaxt hesablanmasına başlayıb.
Avropa Oyunları Avropanın 49 ölkəsini təmsil edən atletlərin idman tədbirdir və dörd ildə bir dəfə keçirilir. Bu Oyunlar Avropa Olimpiya Komitəsinin (AOK) himayəsi altında təşkil olunur.
Tarixdə ilk dəfə keçiriləcək və 18 idman növü üzrə təxminən 5600 idmançının iştirakı gözlənilən Bakı-2015 Avropa Oyunları Beynəlxalq idman məkanında ən mühüm tədbirlərdən biri olacaqdır. Paytaxt Bakıda yarışlara hazırlıq işləri xeyli irəliləyişlə və cədvələ uyğun aparılır. Avropa Oyunları-2015 üçün nəzərdə tutulan 21 stadion və qurğuların əksər hissəsində tikinti və struktur planlaşdırması sürətlə gedir.
Qeyd edək ki, Avropa Oyunları "Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etmiş əfsanəvi "Baku Crystal Hall” , yeni Beynəlxalq Üzgüçülük Mərkəzi və 65000 yerlik müasir stadionda keçiriləcək. Bundan başqa Avropa Oyunları üçün nəzərdə tutulan "Atletlər Kəndi”nin tikintisi sürətlə gedir. "Alov Qüllələri” kompleksi və Heydər Əliyev Mərkəzi kimi digər rəmzi məkanlar idmana xüsusi fon verəcəkdir.
Paytaxt Bakının sakinləri və bütöv Azərbaycan xalqı səbirsizliklə Avropadan gələcək atletləri, rəsmiləri, mətbuat mənsublarını və tamaşaçıları gözləyir. Bu yarışları keçirməkdə məqsəd Azərbaycanın, paytaxt Bakının və xalqımızın qonaqpərvərliyini Avropaya nümayiş etdirmək, eyni zamanda idman, biznes və turizm üçün yeni imkanlar əldə etməkdir.
Bakı-2015 Avropa Oyunları üçün bu günədək təsdiqlənmiş yarışlar, məsələn, Olimpiya idman növləri üzgüçülük, dayvinq, velosiped idmanı, boks, gimnastika, eləcə də gələcək mühüm idman tədbirləri üçün gözəl nümunə olan basketbol 3x3 və çimərlik futbolu kimi növlər idmanın yeni formatını əhatə edir.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki demişdir: "Böyük Oyunlar möhtəşəm yerlərdən başlayır. Bakının tədbir yerləri tarixdə mühüm beynəlxalq idman yarışları üçün hazırlanmış ən gözəl yerlərdən biri olacaq və atletlər, tamaşaçılar, yayımçılar və azarkeşlər üçün həyəcan dolu mühit yaradacaqdır. Tədbirə 600 günün qaldığı bir vaxtda, Azərbaycan Avropanın Olimpiya atletləri və dövlətləri üçün yüksək keyfiyyətli yarışın və qitənin ilk mühüm pan-Avropa çox idman növlü tədbirinin keçirilməsi məqsədilə cədvələ uyğun addımlayır”.
Bakı 2 milyondan artıq əhalisi olan, Xəzər dənizinin sahilində yerləşən ən böyük şəhərdir. Keçmişdə İpək Yolunun mühüm hissəsi olmuş bu şəhər Avropa, Asiya və Orta Şərqin kəsişdiyi yerdə yerləşir. Bu gün Bakı UNESCO-nun Dünya mədəni irsi siyahısına salınmış İçərişəhərlə xüsusilə qeyd olunan müasir memarlığı özündə əks etdirir. Azərbaycan tolerantlıq və səmimi qonaqpərvərlik ənənəsi ilə seçilən çoxmədəniyyətli cəmiyyətdən ibarətdir.
Bakı-2015 Avropa Oyunları haqda ətraflı məlumat almaq istəyənlər www.baku2015.com saytına daxil ola bilərlər.