Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə dair toplantı keçirilib.
Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev yığmanın hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, məşqçilər və həkimlərlə görüşüb.
Toplantıda voleybolçuların Azərbaycan birinciliyindəki çıxışlarına və Avropa çempionatına hazırlıq prosesinə dair müzakirələr aparılıb.
Faiq Qarayev milli komandanın əksər oyunçularının ölkə xaricində çıxış etdiyini bildirib. Yığmanın hazırlıq prosesinin başlanmasına az vaxt qaldığını deyən təcrübəli mütəxəssis hazırda burada olan voleybolçuların fiziki formalarının yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb: “Ölkə xaricində olan qızlarımızla əlaqə saxlayırıq, onların oyunlarını da yaxından izləyirik. Bakıda olan oyunçularımızın da fiziki hazırlığının səviyyəsinin yüksəldilməsinə çalışmalıyıq. Bunun üçün indidən tam heyətlə olmasa da məşqlərə başlamağı düşünürük. May ayında isə qızlarımız hamısı ölkəyə qayıdanda məşqlərimizi daha ciddi keçəcəyik. Hazırlıq prosesi çərçivəsində təlimlər, turnirlər nəzərdə tuturuq. Məqsədimiz millinin üzvlərinin hamısının bir arada toplanacağı vaxt hər kəsin tam oyun formasında olmasıdır. Məşqçilərimiz və voleybolçularımızın üzərinə çox böyük vəzifə düşür. Həkimlərimiz hər zaman idmançılarla maraqlanmalıdır, çəki ilə bağlı problem və digər çətinliklər olmamalıdır. Qızlarımızın həm fiziki, həm də psixoloji cəhətdən güclü olmaları vacibdir".
Federasiya rəsmisi oyunçular arasında sağlam rəqabətə də diqqət çəkib: “Voleybolçularımız arasında sağlam rəqabət olmalıdır. Hər idmançı öz üzərində ciddi çalışmalıdır ki, millinin heyətində əsas 14-lükdə yer ala bilsin. Bütün bu sadalananlar olarsa, Avropa çempionatında uğurlu çıxış edə bilərik. Bu gün əsas məqsədimiz düzgün məşq qrafiki və oyunçuların fiziki hazırlıqlarının artırılmasıdır”.
Daha sonra məşqçilər, həkimlər və voleybolçular komandanın hazırlıq prosesi ilə bağlı öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu il 15 avqust - 3 sentyabrda Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Azərbaycan yığmasının yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandanın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.