Qızıl medalı “Oskara” dəyişən idmançılar

Qızıl medalı “Oskara” dəyişən idmançılar

Dünya şöhrətli kinoaktyorların bəziləri bir vaxtlar idman zalını kinostudiya ilə əvəzləməyi bacarıblar. Belə ki, həmin aktyorlar müxtəlif filmlərdə qurulan çətin döyüş səhnələrini və ya idman hərəkətlərini asanlıqla həyata keçirirlər. Kino sahəsində belə idmançılar kifayət qədərdir. Bu dəfə oxucularımıza həm peşəkar, həm də həvəskar şəkildə idmanla məşğul olan məşhur aktyorlardan danışacağıq. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.

 

Mikki Rurk

 

Mikki Rurk idmana kiçik yaşlarından maraq göstərirdi. O, məktəb vaxtlarından özünü beysbol və kulturizmdə sınayırdı. Mikki Rurkun idmana, xüsusi ilə döyüşə olan marağı ona problemlər yaradır, tez-tez kriminal aləm ilə qarşı-qarşıya qoyurdu. Lakin məktəbdə keçirilən beysbol turnirlərində və kulturizm yarışlarında iştirak etmək onu qane etmirdi. Həddən artıq enerjiyə sahib olan oğlan, çıxış yolunu boksda tapır. Mikki bacarığı və istəyi sayəsində qısa zamanda bu növdə fərqlənməyi bacardı. Bununla da, ona peşəkar boks karyerasına başlamaq fürsəti təklif olundu. Amma sevdiyi boks ona maraqlı və xoş anlarla yanaşı, problemlər də yaşadırdı. Belə ki, döyüş nəticəsində aldığı zədələr səbəbi ilə o, dəfələrlə plastik əməliyyatlar etdirmək məcburiyyətində qalırdı. Lakin parlaq gələcək proqnozlaşdıran oğlanın arzuları ürəyində qalır. Məşq zamanı aldığı beyin silkələnməsi və bir neçə ciddi zədə onu dünya çempionluğuna gedən yolunu kəsir. İdmana qarşı böyük sevgisinin olmasına baxmayaraq, rinq ona istədiyi gəliri də gətirmirdi. Beləliklə, həm maddi çətinliklər, həm də aldığı zədələr M.Rurkun idman kareyasına son qoydu. Bundan sonra o, yolunu Hollivuddan salır. O, burada yalnız idman bacarıqları ilə deyil, həmçinin qadınlar tərəfindən xüsusi maraq və rəğbətə sahib olması ilə də diqqəti çəkir. Mikki 2008-ci ildə rejissor Konstantin Stanislavskinin idman dramı üslubunda çəkdiyi “Restler” filmi ilə tamaşaçıların ürəyini fəth etdi. Lakin yaraşıqlı gənc idman səhnələrini zamanla romantik səhnələr ilə əvəz etməyə başladı. Bununla da, M.Rurk “Doqquz həftə yarım” və “Vəhşi orxideya” melodramaları ilə romantik filmlərin qəhramanına çevrildi.

 

Sonya Heni

 

Sonya Heni 1912-ci il aprelin 8-də Norveçin imkanlı ailələrindən birində dünyaya göz açıb. Sonyanın atası velosiped idman növü üzrə dünya çempionu idi. Məhz buna görə də o, övladlarına kiçik yaşlarından idmana qarşı maraq aşılayırdı. Kiçik qız xizək idman növü ilə yaxından maraqlanır və hətta bu növdə nailiyyətlər də əldə etməyə başlayırdı. İdmançı ailəsində böyüyən Sonya həmçinin balet, üzgüçülük və tennis dərsləri də alırdı. Sonyanın atası Vilhelm Heni qızının məşhur idmançı olması üçün dünyanın ən yaxşı məşqçilərini evinə dəvət edirdi. Lakin o, böyük qardaşının yolunu seçir və fiqurlu konkisürmə ilə məşğul olur. Günlərin birində Sonya qardaşının köhnə konkilərini götürüb, məşq etməyə başladı. Buna baxmayaraq, valideynləri onun bu məşğuliyyətini ciddi qəbul etmirdi. Lakin həmin vaxt uşaqlar arasında keçirilən çempionat onların fikrini tamamilə dəyişdi. Belə ki, yarışlarda iştirak edən Sonya qalib oldu. Yalnız bu hadisədən sonra onun atası Sonyaya yeni konkilər aldı. Amma Vilhelm Heni bununla kifayətlənmədi. O, qızını həmin vaxtlar Norveçin ən yaxşı məşqçisi hesab olunan Oskar Holtenin məşqlərinə yazdırdı. Zamanla bacarıqlarını təkmilləşdirən konkisürən qız böyük uğurlar əldə etməyə başladı. O, Amsterdam-1928, Los-Anceles-1932 və Berlin-1936 Yay Olimpiya Oyunlarında çempion adını qazanaraq rekorda imza atır. Qeyd edək ki, S.Henninin bu idman növü üzrə müəyyənləşdirdiyi rekordu hələ də yenilənməyib. İdmançı həmçinin onqat dünya çempionu, altıqat Avropa çempionu titullarına yiyələnir. Hər kəs qısa müddətdə ardıcıl yüksək nəticə qazanan qızın növbəti uğurlarını səbirsizliklə gözləyirdi. Lakin 24 yaşlı üçqat Olimpiya çempionu gözlənilmədən karyerasını bitirdiyini bəyan etdi.

Qısa zamanda Sonya özünə yeni məşğuliyyət tapdı. O, kino ulduzu olmaq qərarına gəldi. S.Heninin ilk layihəsi “Bir milyonda” filmi oldu. Əsl tamaşaçı sevgisini isə ona “Günəş vadisinin serenadası” filmi yaşatdı. Təəssüf ki, Sonya Heninin aktrisalıq karyerası da uzun sürmədi. Leykamiyadan əziyyət çəkən idmançı və aktrisa 1969-cu ildə 57 yaşında dünyasını dəyişdi.

 

Vinni Cons

 

Vinsent Piter Cons və ya Vinni Cons məktəbdə oxuyarkən futbol ilə məşğul olmağa başlayır. 7-8 yaşında ikən Vinni Consu yerli “Uotford” komandasının uşaq klubuna dəvət edirlər. Sonralar “Uotford”a məşqçilik edən Bassett Consu komandasına dəvət etmək istəyir. Lakin Cons emosional uşaq idi və tez-tez yoldaşları ilə dalaşır, cüzi bir şeyə görə dava-dalaş salırdı.Ona görə də Consu uşaq komandasından xaric etməyə məcbur olurlar. Bundan sonra təkbaşına məşq edən Consun qeyri-adi texnikasının şahidi olan İngiltərə həvəskarlar liqasının “Veldstoun” klubunun rəhbərliyi onu komandalarına dəvət edir.Consun gəlişi ilə xeyli güclənən komanda liqanın qalibi olur və İngiltərə kubokunu qazanır. İki il “Veldstoun”da oynadıqdan sonra Cons “Uimbldon”a dəvət alır. Cons bu komanda ilə 1988-ci ildə növbəti dəfə İngiltərə kubokunu qazanır. Növbəti illərdə İngiltərənin “Lids Yunayted”, “Şeffild Yunayted” və “Çelsi” komandalarının heyətində çıxış edən Cons daha sonra yenidən “Uimbldon”a qayıdır. O, burada komandanın kapitanı olur və 250 oyunda əsas heyətdə meydana çıxır. Onun çıxış etdiyi sonuncu klub isə “Kuinz Park Reyngers” olur. 33 yaşında karyerasını başa vuran Vinni Cons müdafiəçi və yarımmüdafiəçi mövqeyində 384 rəsmi oyunda meydana çıxıb və rəqib qapılarından 33 top keçirib.

Vinni Cons İngiltərə Premyer Liqasında qayda pozmasına və kobud oyununa görə tez-tez qırmızı vərəqə alırdı.Buna görə də o, İngiltərənin futbol tarixində ən kobud futbolçu kimi qalıb. O, hətta kobudluğuna görə “xuliqan Cons” ləqəbini alıb. İstedadlı futbolçu olmasına baxmayaraq onu İngiltərə yığmasına çağırmaqdan imtina ediblər. Əvəzində “xuliqan Cons” Uels yığma komandasında oynayıb. Həmçinin qeyd edək ki, kobud oyun səbəbi ilə Vinni karyerası ərzində 12 dəfə meydandan qovulub.Futbolçunun özünəməxsus kobud taktikaları, hesabındakı sarı və qırmızı kartlar zamanla onun vizit kartına çevrildi.Düzdür, tənqidçilər onun “çirkli taktikalar”ını qınasalar da, şərəfini qoruduğu “Uimbldon” komandasının azarkeşləri onu kumir olaraq görürdülər. Onu da qeyd edək ki, Vinni yalnız futbol meydanında kobud və davakar deyildi. Məsələn, V.Consun 21 yaşını qeyd etməsi şərəfinə təşkil olunan qonaqlıq böyük bir dava ilə yekunlaşmışdı. “Qəddar oğlan” ləqəbi ilə də tanınan Vinninin kobud oyunundan sonra hətta bir neçə futbolçu aldığı zədələrə görə karyerasını başa vurub. Mənəvi və fiziki cəhətdən möhkəm olan Vinni Cons qarşısına qoyduğu məqsədə doğru inamla irəliləyirdi. Britaniyalı futbolçu karyerasını başa vurduqdan bir müddət sonra sərt üz cizgilərinə və əla fiziki formasına görə kino sahəsinə daxil olur. Rejissor Qay Riccinin lentə aldığı “Kartlar, pul və iki tapança” filmi V.Consun kino karyerasında əsl çevriliş oldu. Maraqlıdır ki, aktyor idmanı tərk etsə belə, iştirakçısı olduğu davalardan əl çəkmirdi. Onun sözlərinə görə, “Kartlar, pul və iki tapança” filminin çəkilişindən bir gün əvvəl o, qonşusu ilə mübahisə edib və onu həbsxanaya aparıblar.Hətta filmin ilk çəkiliş gününə belə Vinni Cons birbaşa həbsxanadan gəlmişdi.Hazırda aktyorun iştirakı ilə onlarla film lentə alınıb və o, Hollivudun ən təlabatlı aktyorlarından biridir.

 

(ardı var)

 

 

Türkay Niftəliyeva