Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının I Liqasına yekun vurulub. Voleybol Mərkəzində təşkil olunan final qarşılaşmasında "Təhsil" və "Express" klubları üz-üzə gəlib. Gərgin keçən oyuna daha yaxşı başlayan "Təhsil" ilk setdə 25:17 hesabı ilə qələbə qazanıb. Təşəbbüsü əldən verməyən komanda növbəti hissəni də 25:14 hesabı ilə öz hesabına yazdırıb. Sonrakı setdə "Express" daha ciddi müqavimət göstərib. Buna baxmayaraq, uzatmaya qədər davam edən bu hissədə "Təhsil" rəqibindən daha dəqiq oynayıb - 32:30.
Beləliklə, həlledici matçda "Express"i 3:0 hesabı ilə məğlub edən "Təhsil" I Liqanın qızıl medalına sahib çıxıb. "Express" isə gümüş medalla kifayətlənib. Daha əvvəl keçirilmiş üçüncülük uğrunda görüşdə "Kapitalist" klubunu 3:0 hesabı ilə məğlub etmiş "Hərbi İnstitut" isə yarışın bürünc medalını qazanıb.
Final qarşılaşmasından sonra I Liqanın mükafatlandırma mərasimi keçirilib. Kişi voleybolçularla yanaşı, qadın voleybolçulara da mükafatları təqdim olunub. Qadınların mübarizəsində "Xarı bülbül" qızıl, "Azərreyl-2" gümüş, üçüncülük görüşündə "Murov-2" klubunu 3:2 hesabı ilə məğlub edən "Ryuqa" isə bürünc medal qazanıb.
Daha sonra yarışın bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən AVF-nin prezidenti Şahin Bağırov iştirakçıları və qonaqları salamlayıb, Yarışın yüksək səviyyədə təşkil olunduğunu deyən Ş.Bağırov final matçının gərgin və maraqlı mübarizədə keçdiyini diqqətə çatdırıb. Qurum rəhbəri qalibləri təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Ardınca qaliblər mükafatlandırılıb. Medalları, diplomları və kubokları idmançılara AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayevlə Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri Günay Salamova, Elçin Ağakişiyev və Elqar Bağırov təqdim ediblər.