Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurasının birgə qərarı ilə kənd idmançılarının milli oyunlar üzrə ənənəvi spartakiadası keçirilib.
Sayca 31-ci dəfə təşkil olunan spartakiadanın keçirilməsində əsas məqsəd milli adət ənənələrimizin qorunub saxlanılması, eyni zamanda Olimpiya Hərəkatının respublikamızda daha da inkişaf etdirilməsindən ibarət olub.
Sabirabad Olimpiya İdman Kompleksində keçirilən spartakiadanın final yarışlarında 15 rayonu təmsil edən 262 iştirakçı mübarizə aparıb.
Spartakiadanın açılış mərasimi xüsusi tərtib edilmiş ssenari əsasında teatrlaşdırılmış idman bayramı şəklində olub. Komandaların paradından sonra spartakiadanın iştirakçıları proqrama daxil olan daşqaldırma, gücsınama (kişilər və qadınlar), dirədöymə, çalağançardağı, kəndirdartma, nərd, xıy-xıy və milli güləş üzrə yarışlarda güclərini sınayıblar. Spartakiadanın proqramına daxil olan 9 növ üzrə yarışlarda Sabirabad rayonunun komandası birinci yeri tutub. Cəlilabad rayonu ikinci, Şamaxı şəhərinin komandası isə üçüncü olub. Qubadlı və İmişli rayonlarının komandaları isə müvafiq olaraq 4-5-ci yerlərlə kifayətləniblər. Yarışın sonunda ümumkomanda yarışlarında xüsusi fərqlənən idmançılar diplom və hədiyyələrlə təltif olunublar.