"Neftçi” futbol klubunda baş məşqçi dəyişikliyi olub. Belə ki, mövsümün əvvəlindən rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalayan klub rəhbərliyi qarşılıqlı razılıq əsasında baş məşqçi ilə yollarını ayırıb.
A.Mutunu bu vəzifədə monteneqrolu mütəxəssis Miodraq Bojoviçin əvəzləyəcək. "Ağ-qaralar" M.Bojoviç ilə1.5 illik (1 il+ 6 ay)müqavilə imzalayıb.
“UEFA Pro” lisenziyalı məşqçi 1968-ci ildə Monteneqronun (YİR) Moykovas şəhərində anadan olub. Futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın “Boras” klubunda məşqçiliyə başlayıb. 20 illik məşqçilik təcrübəsinə malik olanmütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub.
Karyerası ərzində Rusiyada "Dinamo" (Moskva), "Lokomotiv" (Moskva) və Serbiyada "Srvena Zvezda" kimi komandaların baş məşqçisi olub. M.Bojoviçin “Neftçi”dən öncəki son iş yeri isə Rusiyanın "Arsenal" (Tula) klubudur.
Mütəxəssis "Neftçi" ilə 2024-cü ilin yanvar ayında Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.