Azərbaycan boksçularının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb. Federasiyadan verilən məlumata görə, bu il müxtəlif yaş qrupları üzrə milli komandalar 26 turnirdə ümumilikdə 179 medal əldə ediblər.
Onlardan 35-i qızıl, 37-si gümüş və 107-si bürüncdür. Nəticədə yığmalar ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.
Boksçular 179 mükafatdan 11-ni Avropa, 3-nü dünya çempionatlarında qazanıblar. Yığmalar iştirak etdikləri mundial və qitə səviyyəli yarışların hər birindən Vətənə mükafatla qayıdıblar.
Həmçinin boksçular III Avropa Oyunlarında 2 dəfə fəxri kürsüyə qalxıb və eyni sayda “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya sahib çıxıblar. Milli komandanın hesabında Qızıl kəmər seriyasından, II MDB Oyunlarından və Beynəlxalq Universitet İdman Festivalından da medallar var.
Qeyd edək ki, 1 il öncə Azərbaycan boksçuları 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanıb.