Türkiyə Superkuboku uğrunda keçirilməsi nəzərdə tutulan “Qalatasaray” – “Fənərbağça” oyunu ləğv edilib. Səudiyyə Ərəbistanın “Əl-Avval Park” stadionunda keçirilməli olan derbinin təxirə salınma səbəbləri məlum olub.
TRT SPOR xəbər verir ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları matçda müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Yurtda sülh, dünyada sülh” şüarı olan pankartdan istifadəsinə icazə verməyib. “Qalatasaray” və “Fənərbağça” bu vəziyyətlə razılaşmayıb. Klubların nümayəndələri ilə danışıqlar aparılsa da, nəticə əldə olunmayıb. Matçın təşkilatçıları bu səbəbdən oyundan imtina ediblər. Stadiona toplaşan hər iki komandanın azarkeşləri Mustafa Kamal Atatürkdən şəkillər və sitatlar yazılmış plakatlar nümayiş etdiriblər. Bundan başqa, Səudiyyə rəsmiləri futbolçuların Türkiyə qurucusunun təsviri olan köynəklərlə meydana daxil olmasını qadağan edib. Qarşılaşmanın yeni vaxtı və yeri daha sonra açıqlanacaq.