Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və daha kiçik təvəllüdlü yeniyetmə həndbolçular arasında Azərbaycan birinciliyinin zona yarışı keçirilib.
Açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov belə yarışların keçirilməsinin vacibliyini vurğulayaraq, komandalara uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra
komandalara Azərbaycan Həndbol Federasiyası tərəfindən geyim dəstləri və toplar hədiyyə edilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara komandaları mübarizə aparıb.
İki gün davam edən zona yarışlarının nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib. Həlledici qarşılaşmada Lənkəran komandasına 13:4 hesabı ilə qalib gələn Cəlilabad kollektivi birinci yerə layiq görülüb.
3-cü yeri Masallı - Lerik görüşündə qələbə qazanan Lerik komandası tutub.
Astara həndbolçuları isə Yardımlı komandası ilə 5-6-cı yerlər uğrunda oyundan qalib ayrılıblar.
Reqlamentə əsasən, birinci, ikinci yerlərin sahibləri iyun ayında Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.