Azərbaycan Bilyard Federasiyasına (ABF) yeni prezident təyin olunub.
ABF-dən verilən məlumata görə, Azərbaycanda bilyard idmanının təşkili və inkişafı sahəsində böyük təcrübəsi olan Seymur Məmmədov bu gündən öz vəzifəsinin icrasına başlayıb.
Göstərilən etimada görə minnətdarlığını bildirən S. Məmmədov Azərbaycanda bilyardın yeni səviyyəyə yüksəldilməsi əzmində olduğunu vurğulayıb. “Bilyard təkcə idman deyil, həm də həyat tərzidir. Çalışıram ki, bu idmanı hər bir azərbaycanlı üçün əlçatan edək. Biz istedadlı idmançıların inkişafı üçün şərait yaratmaq, onları dəstəkləmək istəyirik. İdmanın inkişafına təkan verəcək tədbirlər həyata keçirəcəyik”.
O, həmçinin Azərbaycanın dünya bilyard ictimaiyyətində nüfuzunun yüksəldilməsi məqsədilə bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək və yerli idmançıların müxtəlif yarışlarda iştirakını təmin etmək niyyətində olduqlarını bildirib.