Azərbaycan Könüllü Təşkilatları İttifaqı 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi ilə bağlı maarifləndirici fəaliyyətlərini davam etdirir.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Könüllülərinin “Seçki Könüllüləri” qrupu formalaşdırılıb. Qrupun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri tərəfindən "Azərbaycan Respublikasının Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, onların hüquq və vəzifələri” mövzusunda qrup liderləri üçün təlim həyata keçirilib, gənc seçicilərdə seçki proseduru və səsverməyə hazırlıqla bağlı yarana biləcək suallar ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, yaxın günlərdə “Seçki Könüllüləri” qrupu yerlərdə fəaliyyətə başlayacaq.