Yanvarın 24-də Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevlə Yaponiyanın moqul mütəxəssisi Jiro Miyamotonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qış idmanının inkişafı və xizək fristaylının moqul növünün Azərbaycanda təbliği məsələləri müzakirə edilib.
Azərbaycanda qış idman növlərinin inkişafına xüsusi diqqət ayrıldığını qeyd edən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzinin Beynəlxalq Xizək Federasiyası tərəfindən Dağ Xizəyinin "Slalom", "Giqant Slalom" və "Super-G" növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün sertifikat əldə etdiyini diqqətə çatdırıb.
Fuad Nağıyev “Şahdağ” Turizm Mərkəzində beynəlxalq səviyyədə moqul yarışlarının təşkili üçün lazımi infrastrukturun mövcud olduğunu və “Şahdağ”ın bu formatlı yarışları keçirmək hüququ əldə etməsi üçün qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.
2023-cü ildə Şahdağ” Turizm Mərkəzində həm xizək həvəskarları, həm də təlimçilər üçün moqul üzrə master-klasların keçirildiyini bildirən Jiro Miyamoto Azərbaycanda bu idman növünün tanıdılması, xizəkçilər arasında marağın artırırılması istiqamətində öz dəstəyini göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Xizək fristaylının moqul növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-cross, xafpayp, sloupestayl və big air kimi növləri də mövcuddur. Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə ötən il “Şahdağ” Turizm Mərkəzində xizək idmanı ilə məşğul olanlar üçün xizək fristaylının moqul növü üzrə ilk master-klass təşkil edilib.
Qeyd edək ki, yanvarn 27-28-də “Şahdağ” Turizm Mərkəzində Yaponiya səfirliyinin dəstəyi ilə xizək fristaylının moqul növü üzrə növbəti master-klas təşkil ediləcək.