Azərbaycanın yeniyetmə şpaqaçıları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropanın “Cadet Circuit” turnirində çıxış ediblər.
Qız və oğlan şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici 133 iştirakçı arasında 14-cü olan Xədicə Həsənliyə məxsusdur.
Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xatun Bayramovadan ibarət yığmamız komanda yarışında keçirdiyi ilk görüşdə Bolqarıstanı 45:24 hesabı ilə məğlub edib. Ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Slovakiya yığmasını 45:38 hesabı ilə mübarizədən kənarlaşdıran millimiz yarımfinal uğrunda keçirilən görüşdə Ukraynaya 29:45 hesabı ilə məğlub olub.
Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov və Vahab Fətullayevdən ibarət milli komanda yarışında 6-cı olub. İlk görüşündə Serbiya üzərində 38:24 hesablı qələbə qazanan yığma Şimali Makedoniya ilə qarşılaşmada 45:41 hesablı qalibiyyət əldə edib. Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ukrayna şpaqaçılarına 38:45 hesabı ilə uduzub.