2026-cı il futbol üzrə dünya çempionatının final oyunu Nyu Cersi ştatının Şərqi Ruterford şəhərindəki “MetLife” stadionunda keçiriləcək. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Turnirin həlledici qarşılaşması iyulun 19-da baş tutacaq. Məlumatda «MetLife» stadionundan geniş bəhs olub. Arenanın hazırkı tamaşaçı tutumu 82,5 min tamaşaçı üçün nəzərdə tutulub. Lakin 2026-cı il dünya çempionatı başlayana qədər bu, 87,2 minə qədər genişləndiriləcək. Stadion 2010-cu ildə tikilib və Nyu-Yorkun mərkəzindən yarım saatlıq məsafədə yerləşir.
Bildirilir ki, 2026-cı il dünya çempionatının yarımfinal oyunları Arlinqtonda (Dallasın ətrafı) və Atlantada keçiriləcək. Üçüncü yer uğrunda görüş Mayamidə baş tutacaq.
2026 FIFA Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnir tarixində ilk dəfə olaraq birdən üç ölkə - ABŞ, Kanada və Meksika ona ev sahibliyi edəcək. Turnir yeni sistem üzrə keçiriləcək. Turnir iştirakçılarının sayı 32-dən 48-ə, qarşılaşmaların sayı isə 64-dən 104-ə çatdırılacaq.