Kölgəyə çəkilən Zidanın ən böyük arzusu

Kölgəyə çəkilən Zidanın ən böyük arzusu

Dünya futbolunun əfsanələrindən biri olan Zinəddin Zidan 2021-ci ilin yayında Madrid “Real”ını tərk etdi. Həmin vaxtdan bu günə kimi o, heç bir klubda işləmədi. Bir sözlə, məşqçilik fəaliyyətinə fasilə verdi. Kölgəyə çəkilən Zidan haqqında KİV-lərdə müxtəlif xəbərlər yer alır. Bəs indi o hardadır və nə işlə məşğul olur - sualına cavab axtarmağa çalışdıq. Hər zaman ulduz idmançıların həyatından bəhs edən maraqlı xəbərlər dərc edən “Olimpiya dünyası” qəzeti əfsanəvi futbolçu ilə bağlı yazını çoxsaylı oxuclarına təqdim edir.

 

“İstirahət etməyin vaxtı çatmışdı”

Üç ildir ki, “Real”ı tərk edən Zidan müsahiblərində bildirib ki, Madrid klubunda onun yükü elə də yüngül olmayıb.

İllər ərzində dünyanın ən yaxşı klubunda işləmək çətin və məsuliyyətli olub. Buna insan gücü tab gətirməz. “Heç kim təsəvvür edə bilməz ki, “Real”da baş məşqçi olmaq necə çətindir. Azarkeşlər yalnız qələbə barədə düşünürlər. Komanda La Liqada, Kral kubokunda, Super kubokda və ən əsası UEFA Çempionlar Liqasında yalnız qalib gəlməlidir. Hələ daha bir yarış - klublararası dünya çempionatında baş mükafatsız qalmaq olmaz. “Real” üçün UEFA Avropa Liqasında qələbə böyük nailiyyət sayılmır. Komanda vaxtında bu mükafatı dəfələrlə qazanıb. Artıq onun muzeyində bu kubok elə də yaxşı görünmür. Bütün bu yarışlarda iştirak etmək üçün canından və yaxınlarından keçməlisən. Gün ərzində anormal bir qrafik olurdu. Hazırlıq səhər səkkizdə başlayıb, axşam on birə qədər davam edirdi. Buraya məşq, taktiki analiz, videoların təhlili, oyunçularla şəxsi söhbətlər, səyahətlər daxil idi. Mən bundan zövq alırdım. Lakin gördüm ki, bu uğurları qazanmaqla itirdiklərim də eyni sayda olur. İstirahət etməyin vaxtı çatmışdı. Mən də bu fürsətdən istifadə etdim”, - deyə Zidan bildirib.

 

“Bütün bunlar ancaq geri addım atmaqla mümkündür”

Zidan üç ildir vaxtını ailəsinə, əyləncəyə və sağlamlığına həsr edir. Qeyd edir ki, bu həyatdan zövq almaq ən böyük addımdır. Əgər bu addım onun idmançı karyerasına mənfi təsir göstərsə belə, yenə də o, fikrində qətidir. “Heç kim elə başa düşməsin ki, Zidan yorulub. Mən idmançıyam. Gücüm və bacarığım kifayət qədərdir. Lakin ailəmi də kənara ata bilmərəm. Bu gün mən sadəcə, həyatdan zövq alıram. Valideynlərimə baş çəkməyə, həyat yoldaşım və uşaqlarımla nahar etməyə, dostlarımla vaxt keçirməyə kifayət qədər vaxtım var. Başa düşürəm ki, bütün bunlar ancaq geriyə addım atmaqla mümkündür”, - deyə o vurğulayıb.

 

Dahi futbolçu qazandığı pullarını necə xərcləyir?

Zidan illərdən bəri əldə etdiyi pulları vacib olan yerlərə xərcləyib. O, fürsətdən istifadə edib idman mərkəzləri də açıb. Özü isə yaxın dostları ilə birlikdə müntəzəm olaraq padellə (qapalı məkanda tennis) məşğul olur.

Zizu idmansız qalmır, futbolu da unutmur. Dostları ilə futbol meydançalarında, tennis kortlarında görüşür. Zidan ailəsi ilə birlikdə özü üçün “Z5” idman mərkəzini açıb. Həmin mərkəzdə həm futbol, həm də padel ilə məşğul olmaq mümkündür.

“Futbola fasilə verib, qardaşlarımla birlikdə nə edə biləcəyimizi müzakirə etdik. Müzakirələrə ailə üzvlərim də qoşuldular. Qərara aldıq ki, futbol meydançası və padel zalından ibarət bir mərkəz quraq. Əvvəl mərkəz balaca idi. İndi onun həm ərazisi, həm də imkanları böyüyüb. “Z5” şəbəkələrini də genişləndirmişik. İndi mərkəzin Fransada üç, İtaliyada və İspaniyada bir nümayəndəliyi var. İcazə versəydiniz, yaratdığım mərkəzi reklam edərdim (gülür). Deməli, “Z5” mərkəzində futbol meydançaları və padel kortlarından başqa, rəqs studiyaları, restoranlar, “Adidas” mağazaları (Zidan bu brendin reklam simasıdır - red) və hətta uşaqlar üçün uşaq bağçası var. Buyurun gəlin, görün mərkəzimiz necə işləyir?!”, - deyə Zidan əlavə edib.

 

Zizunun xeyriyyəçiliyi bütün dünyanın diqqətini cəlb edib

Zidanın futbolçu və baş məşqçi kimi əldə etdiyi uğurlar sponsorların da diqqətindən yayınmayıb. Ona müxtəlif vaxtlarda reklam təklifləri edilib. O, isə bütün bunları zamanında dəyərləndirib. Qeyd etdiyimiz kimi, dünyanın məşhur brendlərindən biri olan “Adidas” reklamlarında onu əsas simasına çevirib. Əvəzində gördüyü hər bir işə görə ona dəstək verib. Bundan başqa o, Fransanın Formula 1 üzrə “Alpin” komandasının səfiri seçilib. Dünyada futbolun kütləviliyinə çalışan “EA Sports FC Futures” proqramında məsləhətçi təyin edilib. Onun məsləhəti ilə Fransanın qədim əyalətlərindən biri olan Provansda “Zidane” İdman Mərkəzində aztəminatlı ailələrin uşaqlarına ödənisiz futbol dərsləri keçirilir. Bundan başqa Zidan xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün hospital tikən fransız şirkətinin sponsorlarından biri olub. Həmin hospitalın açılış mərasimində çıxış edəkən o, göz yaşlarını saxlaya bilməyib. Ona görə ki, Zidanın böyük qardaşı 2019-cu ildə məhz bu xəstəlik səbəbindən həyatla vidalaşıb.

 

Böyük klublardan gələn təkliflər onu qane etmir

Zidanın adı Madrid “Real”ından sonra Fransa və Braziliya millisi ilə hallandı. Hətta media onun “Mançester Yunayted” və “Mançester Siti”dən təklif aldığını da manşetlərə çevirmişdi. Lakin Zidanın ingilis dilini bilmədiyi üçün İngiltərədən hər hansı bir klubla işləməsi həqiqəti əks etdirmirdi. O, PSJ-nin də sükanı arxasına keçmək istəmədi. Zidanın ən böyük xəyalı Fransa millisində işləməkdir. PSJ isə Zidanı yüksək maaş təklifləri hələ də şirnikləndirməyə çalışır. “Zizu” klubun idarəçiliyini bəyənmədiyindən hər dəfə bu təklifdən imtina edir. Onun üçün doğma olan “Marsel” klubu da Zidandan yararlanmaq niyyəti güdür. Üç ildir ki, yığdıqlarını xərcləyən Zidan yenidən yaşıl meydanlara qayıtmaq istəyir. Arzusunu həyata keçirmək üçün daha çox Fransa Futbol Federasiyasından zəng gözləyir. Görünür, bu bir az zaman çəkəcək. Hər şey millinin hazırki baş məşqçisi Didye Deşamın yığma komanda ilə Avro-2024-də əldə etdiyi nəticədən asılı olacaq. Çətin ki, həmin vaxta qədər Zidan klublardan biri ilə razılaşmasın. Madrid “Real”ında şöhrətin zivəsinə ucalan Zinədin Zidanla hansı klub işləməz ki?

Hazırladı:

Anar Əhmədov

Kölgəyə çəkilən Zidanın ən böyük arzusu Kölgəyə çəkilən Zidanın ən böyük arzusu