Fevralın 25-də Polşanın Lublin şəhərində boks gecəsi keçiriləcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, gecədə Azərbaycan yığmasının Polşa milli komandası ilə yoldaşlıq görüşü təşkil olunacaq.
Döyüşlər 9 çəki dərəcəsində keçiriləcək. Polşaya yollanan yığmamıza məşqçilər Elbrus Rzayevlə Ravşan Xocayev rəhbərlik edəcək.
Gecədə Məsud Yusifzadə (51 kq) Nikolas Pavliklə, Əzrək Bəbirov (57 kq) Yakub Krzpietlə, Maqsud Xasmetov (60 kq) Yaub Suleçkilə, Nəbi İsgəndərov (67 kq) Mateus Qreyberlə, Kamran Şahsuvarlı (75 kq) Mixal Yarlinskilə, Fəqan Məmmədov (80 kq) Muhammadali Romanskilə, Seyid Seyidov (86 kq) Yakub Staşevskilə, Rauf Məmmədov (92 kq) Yakub Stepinskilə və Yohannes Nuriyev (+92 kq) Viktor Bartniklə üz-üzə gələcək.
Görüşdə Emil Qurbanəliyev isə ölkəmizi hakim kimi təmsil edəcək.
Qeyd edək ki, boks gecəsi Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.