2024-cü ilin "İdman paytaxtı" seçilən Quba şəhəri 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü tədbirinə ev sahibliyi edir.
Bu gün keçirilən Azərbaycan İdman İctimayyəti Paradından əvvəl Gənclər və İdman naziri Fərid Qayıbov, Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və idman ictimaiyyəti ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra idman Paradı başlayıb. Azərbaycan Respublikası dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımız əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış edərək Azərbaycan idman ictimaiyyətini 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edib. “Bu gün möhtəşəm tədbirə toplamışıq. Bu idman bayramı münasibətilə xalqımızı təbrik edirəm. Gənclər və idman nazirinə bu etimadı məhz bizim şəhərə göstərdiyinə görə minnətdarlığımı bildirirəm. Qubada 8 min idmançı müxtəlif növü ilə məşğul olur. 70 idmançımız mükafatalayiq nəticələr göstərib. Hesab edirəm ki, bu uğurlar daha da artacaq və Quba Azərbaycan idmanının bir hissəsi olacaq”, - deyə İlqar Mahmudov bildirib.
Gənclər və İdman naziri Fərid Qayıbov 19 ildir ki, 5 mart tarixini Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə qeyd edildiyini diqqətə çatdırıb."Olimpiya çempionları və idman ictimaiyyətini bu bayram münasibəti ilə təbrik edirəm. 19 ildir ki, biz 5 Mart Bədən Tərbiyəsi və İdman Gününü qeyd edirik. Quba şəhəri 2024-cü ilin idman paytaxtı seçilib. Buna görə də il ərzində bir sıra mühüm yarışlar burada təşkil olunacaq. Hər birinizə uğurlar arzulayıram”, - deyə Fərid Qayıbov bildirib.
Sonra səhnəyə 2024-cü ilin “İdman səfir”ləri seçilən taekvondoçu Fəridə Əzizova, bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, keçmiş cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov parad iştirakçılarına təqdim olunublar.
Ardınca Azərbaycan İdman İctimaiyyəti Paradı olub. Ekranda ölkənin bir çox rayonlarında qeyd olunan paradlarlardan monitorlar vasitəsilə kadrlar nümayiş edilib.
Paraddan ilk olaraq Olimpiya çempionları və mükafatçıları tribuna önündən keçiblər. Sonra idman veteranları səhnəyə yaxınlaşıblar. Tədbir müxtəlif federasiya və idman qurumlarının paradı ilə davam edib.