Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində daha iki cavab oyunu keçirilib. İngiltərənin “Mançester Siti” klubu doğma meydanda Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. İlk oyunda 3:1 hesabı ilə qələbə qazanan “şəhərlilər” bu dəfə də eynihesablı qələbəyə seviniblər. Beləliklə, iki oyunun nəticəsinə görə, 6:2 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi adını 1/4 finala yazdırıb.
İspaniyanın “Real” klubu isə 1/8 finalın cavab oyunu çərçivəsində "Santyaqo Bernabeu" stadionunda Almaniyanın “Leypsiq” klubu ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatsa da növbəti mərhələyə yüksələn tərəf Madrid təmsilçisi olub. Buna səbəb “Kral klubu”nun Almaniyada rəqibinə minimal hesabla qalib gəlməsi olub -0:1. Beləliklə, “Real” klubu iki oyunun nəticəsinə görə 1/4 finala vəsiqə əldə edib.
Xatırladaq ki, daha əvvəl Almaniyanın “Bavariya” və Fransanın PSJ klubları Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanmışdılar. 1/8 finalın digər dörd cütlüyünün cavab oyunları isə martın 12-13-də təşkil olunacaq.