İtaliyanın Busto Arsizio şəhərində keçirilən boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın beşinci günündə qadın boksçumuz Zeynəb Rəhimova rinqə çıxıb. 54 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/16 finalda Aqerie Bayevlə (Efiopiya) qarşılaşıb. İlk raundda rəqibini tam üstünlüklə məğlub edən boksçumuz bununla da ardıcıl ikinci qələbəsini qazanaraq 1/8 finala vəsiqə əldə edib. Zeynəb Rəhimova bu qələbə ilə həmçinin Paris-2024 Yay Olimpiya Oyunları üçün lisenziya qazanmağa bir addım da yaxınlaşıb. Boksçumuz martı 9-da növbəti döyüşünə çıxacaq. İdmançımız digər iki görüşü də qələbə ilə başa vuracağı halda, Paris Olimpiadasına lisenziya əldə edəcək.
Qeyd edək ki, bu gün yığmanın daha 4 boksçusu rinqə çıxacaq. Komandamızın üzvlərindən Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiyama (Yaponiya) ilə, Sərxan Əliyev (71 kq) isə Aleksandr Trofimçukla (Litva) üz-üzə gələcək.