Gənclər və idman naziri Fərid Qayıbov ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ay ərzində beynəlxalq yarışlarda qazanılan uğurları əks etdirən videoçarx nümayiş olunub. Ardınca Fərid Qayıbov ölkəni beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Ağırlıqqaldırma, bədii gimnastika, kişi idman gimnastikası, tamblinq, MMA, cüdo, güllə atıcılığı, stend atıcılığı, sumo, karate, paraatletika, paracüdo, parataekvondo, savat və prokombat, taekvondo, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarıın hazırlıq prosesi və uğurları barədə danışıblar.