UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.
"Olimpnews.az" "Report"a istinadən xəbər verir ki, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi söyməsi səbəb olub.
Oyunçu Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxmışdı. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək.
Əlavə edək ki, Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə almışdı. Başqa sözlə, o, avrokuboklarda ən azı iki oyunu buraxacaq. Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.