Gənclər və İdman Nazirliyi ilə Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə Bakı kəndlərinin uşaq futbol komandaları arasında ikinci minifutbol turnirinin açılış mərasimi olub.
Bakı Tennis Akademiyasında keçirilən tədbir yarışda iştirak edəcək 32 komandanın paradı ilə başlayıb.
Sonra Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AFFA-nın baş katibi Sərxan Hacıyev istedadlı futbolçuların yetişməsi baxımından turnirin əhəmiyyətindən bəhs edib. O bildirib ki, gənclər heç zaman təslim olmamalı, məğlub olsalar belə, sonadək mübarizə aparmalıdırlar.
Bakı Abadlıq Xidmətinin nümayəndəsi Vüqar Müfitzadə belə yarışların davamlı olacağına inandığını bildirib. Onun sözlərinə görə, bu cür turnirlər gənc istedadların ortaya çıxmasına şərait yaradır.
Gənclər və idman naziri Fərid Qayıbov isə qeyd edib ki, Azərbaycan futbolunun gələcəyi hazırda bu meydançada olan uşaqlardır.
Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub.
Oyunlar həftə sonları keçiriləcək. Ümumilikdə, turnirdə 64 matçın təşkili planlaşdırılıb.
Azərbaycanda futbol oyunlarının tarixi Bakı kəndləri ilə bağlıdır. Bu baxımdan turnirin Bakı kəndlərinin məktəbliləri arasında keçirilməsi simvolik mahiyyət daşıyır. Yarışlara 384 yeniyetmə cəlb olunub.
Turnirin final matçı mayın 10-da oynanılacaq. İlk 3 yerin sahiblərinə pul mükafatları, iştirakçılara dəyərli hədiyyələr təqdim ediləcək.
Qeyd edək ki, ikinci dəfə təşkil olunan turnirdə əsas məqsəd yeni istedadların üzə çıxarılması, uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda yeni nəsildə komanda şüurunun formalaşmasıdır. 2022-ci ildə keçirilmiş ilk turnirin qalibi Yeni Suraxanı komandası olub.