Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Səbail” və “Turan Tovuz” komandaları “ASCO Arena”da üz-üzə gəliblər. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Matçda hər iki qol ilk hissədə vurulub. Hesabı 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Pedro Nunu açıb. Birinci yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə qonaqlar Fərid Nəbiyevin penaltidən vurduğu qolla hesabı bərabərləşdiriblər.
Bu nəticədən sonra “Səbail” xallarını 38-ə, “Turan Tovuz” isə 36-ya yüksəldib. Komandalar turnir cədvəlində, müvafiq olaraq, 6-7-ci yerləri bölüşdürürlər.
Günün son matçında “Zirə” “Sabah”ın qonağı olacaq.
Qeyd edək ki, ilk oyun günündə “Neftçi” səfərdə “Qəbələ”ni 1:0, “Qarabağ” isə “Kəpəz”i 6:1 hesabı ilə məğlub edib. Tura martın 31-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.