Abşeron Olimpiya İdman Kompleksində karate üzrə açıq turnir keçirilib.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda paytaxtla yanaşı, bölgələrdən gəlmiş ümumilikdə 800-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Yarışın rəsmi açılış mərasimindən əvvəl Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadovun iştirakı ilə klubların nümayəndələri, eləcə də məşqçi-müəllimlərlə toplantı keçirilib. İclasda klubların mövcud problemləri, həmçinin məşqçilərin fikirləri dinlənilib. AKF rəhbərliyi tərəfindən klub və məşqçilərə, idmançılarla peşəkar müqavilələrin bağlanması istiqamətində tapşırıqlar verilib.
Daha sonra Rəhman Hətəmov, Qabil Sayadov, idarə heyətinin üzvü Maarif Bağırov və Paralimpiya Komitəsinin idman şöbəsinin rəisi Şahvələd Əliyevə, turnirin təşkilatçısı - AKF-in nəzdində fəaliyyət göstərən Azərbaycan Karate Təşkilatının rəhbəri Rənad Əliyev tərəfindən xüsusi mükafatlar təqdim olunub.
Yarışın rəsmi açılış mərasimində Vinq Çun Döyüş Sənəti Federasiyasının idmançıları nümunəvi çıxışlarla yadda qalıblar. Yeniyetmə idmançıların nümunəvi kata çıxışı azarkeşlərin xüsusi marağına səbəb olub.
Qeyd edək ki, 2 gün davam edəcək turnirdə parakarateçilər də mübarizə aparırlar.