Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna mayın 5-də yekun vurulub.
Milli Gimnastika Arenasında təşkil edilən turnirdə 37 ölkədən 160 idmançı mübarizə aparıb.
Üçgünlük yarışların qaydalarına əsasən, qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşib.
Azərbaycan gimnastları mötəbər turniri dörd medalla başa vurublar.
Ölkəmizə ilk medalı qrup hərəkətləri üzrə komandamız qazandırıb. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülükdə bürünc medala sahib çıxıb. Hakimlər onların çıxışını 71 min 550 xalla qiymətləndiriblər.
Yarışın 3-cü günündə böyüklərdən ibarət qrup hərəkətləri komandamız 3 lent və 2 topla çıxışlarında 29,950 xal toplayaraq fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovanın təmsil etdiyi milli komandamız 5 halqa ilə də bacarıqlarını sınayıblar. Çıxışları 36,950 xal ilə qiymətləndirilən komandamız 4-cü yerə layiq görülüb.
Günün davamında gənclərdən ibarət millimizin üzvü İlahə Bahadırova top, Şəms Ağahüseynova isə lent proqramında nümayiş etdirdikləri çıxışlarına görə gümüş medalla təltif olunublar. Onların çıxışları müvafiq olaraq 31,550 və 30,250 xalla qiymətləndirilib.
Zöhrə Ağamirova isə lentlə hərəkətlərdə çıxışından sonra 4-cü pillədə qərarlaşıb. O, digər alətlərdə də özünü sınayıb. Belə ki, topla çıxışda (33,350) 6-cı, halqa proqramında isə (31,650) 8-ci sırada yer alıb.