Qonşuları bu dəfə Olimpiada bir araya toplayır

Qonşuları bu dəfə Olimpiada bir araya toplayır

Ukrayna Prezidenti Viktor Yanukoviç "Ölkə ilə dialoq” telekörpüsündə bildirib ki, Ukrayna 2022-ci ildə Qış Olimpiadasına Polşa və Slovakiya ilə birgə ev sahibliyi etməkdə maraqlıdır. Bu məsələ yaxın vaxtlarda Polşada üç dövlət başçısının görüşü zamanı müzakirə edilib. 
"Onlar bizim imkanlarımızı, biz də onların imkanlarını bilirik. Sözsüz, Ukrayna infrastrukturun inkişafı nöqteyi-nəzərindən Polşa və Slovakiyadan bir az geri qalır”, - deyən Yanukoviç vurğulayıb ki, Ukrayna tərəfi üçün bu vəziyyət hətta əlverişlidir, çünki bu halda yüksək səviyyəli müasir obyektlər tikmək lazımdır.
Rusiya KİV-ləri Ukrayna dövlətinin başçısının bu sözlərini sitat gətirir: "Bu cür müasir obyektlər Polşada və Slovakiyada da çox deyil. Amma bizdə Avro-2012 üçün hazırlanmış infrastruktur, mən mehmanxanaları, yolları nəzərdə tuturam, Qış Olimpiya oyunlarına da xidmət edəcəklər”.
Yanukoviç əmindir ki, həmin yarışları Ukraynanın təkcə təşkil etməsi "bir qədər çətin olar”, çünki bundan ötrü böyük məbləğdə pul tələb olunacaq. Bundan başqa, Ukraynanın dağlıq Karpat rayonuna xas olan çətinlikləri də nəzərə almaq lazımdır.
Prezident daha sonra deyib: "Bununla bərabər, Ukraynanın 2022-ci ildə Qış Olimpiadasını qəbul edən tərəf olmaq ambisiyası və arzusu vardır, əgər bizə belə bir şərəf nəsib olarsa, ölkəmiz bu problemləri birmənalı həll edə bilər”.