Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan komandasının daha iki cüdoçusu tatami üzərinə çıxıb. Bu gün yarışa qoşulan Fidan Əlizadə (57 kq) və Vüsal Qələndərzadə (73 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
F.Əlizadə təsəlliverici görüşdə braziliyalı Bianka Reisə, V.Qələndərzadə isə 1/8 finalda yaponiyalı Yusuke Takeiçiyə uduzub.
Qeyd edək ki, Azərbaycan yığması yarışın ilk günündə də medal qazana bilməyib. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu dünya çempionatı oktyabrın 6-da başa çatacaq.