Azərbaycanda iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılmasına, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsinə, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsinə xidmət edir.
İqtisadiyyatın inkişafında yüngül sənayenin da xüsusi rolu var. Yüngül sənaye öz növbəsində ilkin xammal emal edən və hazır məhsullar istehsal edən sənaye sahəsi və müəssisələri özündə birləşdirən iri sahədir. Bu sənaye dünyada ölkələrin ixrac əməliyyatlarında və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bir sözlə, inkişafa açıq və potensialı geniş olan sahələrdən biri hesab olunur.
Yüngül sənayenin əsas sahələrindən biri tekstildir. Ölkəmizdə tekstil bazarının böyük bir hissəsini korporativ geyimlər təşkil edir. Azərbaycanda bu fəaliyyəti həyata keçirən çoxsaylı böyük və kiçik müəssisələr mövcuddur. Həmin sahənin inkişafına töhvələrini verən iri sənaye müəssisələrindən biri də Bakı Tekstil Fabrikidir. Bu müəssisə ölkəmizdə 2010-cu ildən fəaliyyət göstərir. Fabrikin təsisçisi və rəhbəri Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayevadır.
Bakı Tekstil Fabrikinin fəaliyyətində müxtəlif idman layihələrində əməkdaşlıq da əsas yer tutur.
Bu sahədə görülən işlər və əldə olunan nailiyyətlərlə bağlı daha ətraflı söhbət etmək üçün Səkinə xanımla görüşdük.
- Səkinə xanım, Bakı Tekstil Fabrikinin əsas fəaliyyət istiqaməti barədə məlumat verərdiniz.
- Hazırda müəssisəmizdə 120 nəfər işçi çalışır. Müəssisəyə Almaniya, İtaliya, Niderland, Yaponiya və Türkiyədən ən son xammal və texnologiyalar tətbiq olunmaqla yanaşı, müasir təcrübəyə malik xarici mütəxəssislər də cəlb olunur. Hazırda müəssisədə yüksək keyfiyyətə və təhlükəsizlik göstəricilərinə malik dünya və Avropa standartlarına uyğun beş mindən çox çeşidli tekstil məhsulları istehsal olunur, eyni zamanda müxtəlif təyinatlı dövlət və şirkət şifarişləri həyata keçirilir. “Bakı Tekstil Fabriki” MMC-nin istehsal profilinə xüsusi təyinatlı geyimlərlə yanaşı, promo, məktəbli, tibbi, corab və digər geyimlər də daxildir.
- Fabrikdə idman malları da istehsal olunurmu?
- Bu gün idman ölkəmizdə kifayət qədər inkişaf etmiş sahələrdən biridir. Biz də bu sahənin inkişafında bacardığımız qədər töhfələrimizi verməyə çalışırıq. Buna görə də Bakı Tekstil Fabriki MMC şirkəti olaraq idman və xüsusi geyimlərin istehsalı da fabrikimizin fəaliyyət dairəsinə daxildir.
- Yəqin ki, idman qurumlarından da sifarişlər alırsınız?
- Məktəbli formalarının istehsalı ilə məşğul olduğumuz üçün, daha çox şagirdlərin futbol geyimi və digər idman növlərinin geyimlərinin sifarişini alırıq. Çox istərdik ki, digər böyük idman qurumları da bizimlə əməkdaşlıq etsinlər.
- Hansı idman qurumlarına rəhbərlik etdiyiniz fabrik tərəfindən sponsorluq olunur?
- Qeyd etdiyim kimi, bu gün ölkəmizdə idman sahəsi dövlətimizin əsas inkişaf istiqamətlərindən biridir. Dünya, Avropa və Olimpiya Oyunlarında idmançılarımızın əldə etdiyi qələbələr bu siyasətin uğurla davam etdirildiyinin göstəricisidir. Hazırda Qaxda qadın futbol komandasına öz dəstəyimizi veririk. Həmçinin futbol üzrə 2-ci Liqada çıxış edən “Kür-Araz” komandasının idman formalarını da hazırlamışıq. Bundan başqa orta məktəblərdə bədən tərbiyəsi dərslərinin mükəmməl keçirilməsi üçün uşaqların idman üslublu geyimlərini də hazırlayırıq. Hətta məktəblilər üçün ortopedik ayaqqabıların hazırlanması da uşaqların rahatlığı üçün nəzərdə tutulub. Təbii ki, biz də istərdik ki, gələcəkdə yeni idman layihələrində iştirak edərək ölkəmizdə idmanın inkişafına öz dəstəyimizi göstərək.
Azər Əlizadə