Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə kütləvi qaçış tədbiri keçirilib.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Böyükşor bulvarında təşkil olunan və atlet Tarverdi Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan beynəlxalq yarışda 160 iştirakçı mübarizə aparıb.
Yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Çin, Ukrayna, Qazaxıstan təmsilçilərinin də iştirak etdiyi 12 km məsafəyə qaçışda müxtəlif kateqoriyalarda qaliblər müəyyənləşib. Ümumi kateqoriyada kişilər arasında Samir Hüseynov yarışın qalibi adını qazanıb. Qadınların mübarizəsində isə Natalya Valek fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyalarında isə kişilərdə müvafiq olaraq, Elşad Nəsibov, Yadigar Hüseynov, Tapdıq Dadaşov, qadınlarda İrina Xəlilova və Alyona Süleymanova fərqləniblər.