AOK Nodar Kumaritaşvilinin şərəfinə mükafat yaradılmasını elan edib

AOK Nodar Kumaritaşvilinin şərəfinə mükafat yaradılmasını elan edib

Avropa Olimpiya Komitələri (AOK) Nodar Kumaritaşvili mükafatının yaradıldığını elan edib. Bu mükafat Bakuriani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalının ən yaxşı oğlan və ən yaxşı qız idmançılarına veriləcək. 

Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralos yeni mükafatın yaradılmasını Nodar Kumaritaşvilinin 15-ci ildönümü ilə bağlı Bakuriani şəhərindəki qəbristanlıqda keçirilən mərasim zamanı açıqlayıb. Mərasimdə Kumaritaşvilinin ailə üzvləri, Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov, Bakuriani-2025 Təşkilat Komitəsinin prezidenti Mamuka Xabareli və AOK İcraiyyə Komitəsinin üzvləri iştirak edib.

Nodar Kumaritaşvili mükafatının verilməsi barədə qərar AOK tərəfindən, Gürcüstan MOK-u və Bakuriani-2025 Təşkilat Komitəsi ilə birlikdə qəbul olunub.

AOK prezidenti Spiros Kapralos keçmiş idmançıya ehtiramını bildirərkən qeyd edib: “Bakuriani-2025 Təşkilat Komitəsi və Gürcüstan MOK-u ilə birlikdə Nodar Kumaritashvili mükafatının yaradılmasını elan etmək Avropa Olimpiya Komitələri üçün şərəfdir. Bakuriani, həqiqətən də, Kumaritaşvili ilə hədsiz dərəcədə qürur duyurdu. O, böyüyüb burada atası Davidin və əmisi Feliksin rəhbərliyi altında idmanın sirlərinə yiyələnirdi. Onun ölümünün 15-ci ildönümündə AOK olaraq Bakuriani və Gürcüstanın sevimli oğullarından birini ziyarət etdik. Oyunların bağlanış mərasimində Nodar Kumaritaşvili mükafatını iki görkəmli gənc idmançıya təqdim etməyi səbirsizliklə gözləyirik".

Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov isə çıxışında Nodar Kumaritaşvili mükafat ilə bağlı əməkdaşlıqlarına görə AOK-a minnətdarlığını bildirib.

Qeyd edək ki, mükafat Bakuriani şəhərində doğulub boya-başa çatan gürcüstanlı idmançı Nodar Kumaritaşvilinin xatirəsinə təsis edilib. O, Vankuver-2010 Qış Olimpiya Oyunlarının açılış mərasiminin səhəri, 21 yaşında son məşq zamanı qəza nəticəsində faciəvi şəkildə dünyasını dəyişib.

AOK Nodar Kumaritaşvilinin şərəfinə mükafat yaradılmasını elan edib